Tikinti obyektlərinə dair tələblər dəyişib

Tikinti obyektlərinə dair tələblər dəyişib

ÜMİDTV.com:     Azərbaycanda tikinti obyektlərinə dair tələblər dəyişib.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələrinin hazırlanması və tikintisinin həyata keçirilməsi, eləcə də, həmin tikinti obyektlərinin yerləşəcəyi torpaq sahələrinin planlaşdırılması üçün zəruri ilkin məlumatlar əldə etmək məqsədilə mühəndis-axtarış işləri yerinə yetirilir.

Mühəndis-axtarış işləri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun yerinə yetirilir.

Hazırda mühəndis-axtarış işlərinin nəticələri həmin axtarış işlərinin başa çatdığı vaxtdan 10 gün müddətində sifarişçiyə və müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.

Dəyişikliyə əsasən, mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabat hazırlanacaq.

Başqa sözlə, mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabat həmin axtarış işlərini aparan şəxs tərəfindən işlərin başa çatdığı vaxtdan 10 gün müddətində sifarişçiyə və müvafiq icra hakimiyyəti orqanına təqdim ediləcək.

Tikintiyə icazə verilməsinin ümumi qaydalarına da yeni əlavələr edilib. Qanun layihəsinə əsasən, artıq bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir.

Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılacaq.

Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunacaq.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

ÖNCEKİ HABER

Azərbaycan avtomobil ixracına hazırlaşır

SONRAKİ HABER

Azərbaycanda 56 min tondan çox qarğıdalı yığılıb - FOTO