ÜMİDTV.com: 10 günə yaxındır ki, davam edən Vətən Müharibəsindəki uğurlar sözsüz ki, hərbi, siyasi güclə bərabər Azərbaycanın igid oğullarının da əsas payı var. Artıq işğaldan azad olanan çoxlu ərazilər, götürülən əsirlər, partadılan hərbi texnikalarda döyüşçülərimizin rolu çox böyükdür. Qədim tarixə söykənən döyüşçülük ənənələri bu gün bizi düşməndən daha irəli salır və qalibiyyətə böyük inam yaradır. Bu gün də belə igid oğullarımızdan danışacağıq. Həm də Azərbaycan torpağına bir az uzaqdan, Igdırdan gəlmiş Milli Qəhrəman İsmayıl Tunc. O, öz həyat hekayəsini və döyüşlərdə yaşadığı hadisələri danışanda isə sadəcə belə oğullarla fəxr etmək və bu vətənin heç vaxt düşmənə təslim olmayacağı inamı qat-qat artır.
Türkiyədən Azərbaycana ezamiyyətə gələn Milli Qəhrəman bəlkə heç ağlına da gəlməzdi ki, burda onu həyatının ən böyük və şərəfli yolu gözləyir. İlk olaraq atasından xeyir-dua alan İsmayıl bəy daha sonra tarix yazmaq üçün vətəni Azərbaycana geri dönür. Gərgin dövrlərə təsadüf edən qəhrəmanımızın dönüşü həyatında dərin izlər buraxıb desək, yəqin ki, yanılmarıq:
“Mən 1968-ci ilin 17 martında Türkiyənin Iğdır şəhərində anadan olmuşam. Bizim yaşadımız yer Ağrı dağın ətəyində, Araz çayının qırağında yerləşir. İlk orta təhsilimi Iğdırda almışam,əsgərlik xidmətini Ankarada başa vurandan sonra, 1990-cı illərdə bir həftəlik Azərbaycana ezam olunduq və ondan sonra mənə təklif olundu ki, Azərbaycanda qalıb xidmət edim. Türkiyəyə qayıdıb atamın xeyir-duasını adım. Atam da bu fikri dəstəklədi və qayıtdım Azərbaycana, Tərtərə getdim.Bir sıra milli qəhrəmanlarla birlikdə döyüşməyə başladıq və orda xidmət etməyə başladım. Çoxlu əsgərlər yetişdirdik. Kəşfiyyatlara getdik. Mən deyərdim ki,həmin vaxt hərbidə Azərbaycanın hər bir yerində çoxlu igidlər var idi, elə Tərtərin də çoxlu mərd oğulları bizimlə birlikdə torpaqlar uğrunda döyüşürdü.
Mən həmişə ora qəhrəman Tərtər deyiləm. Çünki onlar bir qarış belə geri dönmədilər. Bizə yemək göndərdilər, ora həqiqətən çox yaxşı xidmət edən bölgələrdən biridir. Hə bir ölkə öz xüsusiyyəti ilə seçilir. Türk də əsgər doğar. Deyirlər bəs sən necə sağ qaldın. Mən də deyirəm kaş Allah mənə də şəhidlik verəydi. Quranda da yazılıb ki, şəhidlər ölmür, onlar əbədi yaşayır. Şəhidlik bir zirvədir. Kaş hamımız o hissi yaşaya bilək.
İsmayıl Tunc kəşfiyyat xatirələri haqqında da danışıb. O, bildirib ki, bir dəfə döyüşdə ölümlə üz-üzə qalıb , döyüş yoldaşlarını tək qoya bilərdi. Amma sonda sağ qalaraq, yenidən işinin başına keçib:
“Bizim hər anımız təhlükə idi. Silahlar hər an can ala bilirdi. Ordakı igidlər də heç vaxt ölümdən qorxmurdu. Bir dəfə Milli Qəhrəman Vəzir Orucovun iştirakı ilə Çaldıran ətrafında əməliyyat olunmalı idi. Biz 10 nəfər həmin ərazidə olan postların ətrafına keçib ordan hücum edənləri sağ tutacaqdıq. Səhəri biz başladıq əməliyyata. Azərbaycan tərəfi atəş açmağa başladı, bir qrup erməni üstümüzə gəlirdi, elə bu zaman bir erməni avtomatla üstümə atəş açmağa başladı və Vəzir arxadan onu vurdu. O olmasaydı mən indi sağ olmazdım. Allah və Vəzir mənim həyatımı xilas etdi.”
Qəhrəmanımız döyüş həyatından danışarkən ölkəmizin igid oğullarından söz açaraq, Tərtər sakinlərinin də bu işdə onlara böyük dəstək göstərdiyini deyir. O, bildirir ki, gənclər hər zaman döyüşə və vətəni xilas etməyə hazır olmalıdır necə ki, bu gün ölkəmizin oğulları bunu edir:
“Tərtər taboru daha çox düşmənin gücünü öyrənib sonra hücuma keçirdi. Biz daha çox kəşfiyyata gedib məlumat toplayırdıq. Bəzən əsir də gətirirdik. Biz heç vaxt əsirlərə əzab vermirdik. Bəzən lazımi yerə təhvil vermək üçün mülki vətəndaşlardan da əsir götürürdük. Kəşfiyyatçının işi həm də bu idi. Sonra qarşılıqlı şəkildə onu öz adamlarımızla dəyişib döyüşçülərimizi azad edirdik. Amma heç vaxt mülki əsirlərə əzab verməzlər düşüncəsi ilə biz də onlara toxunmurduq. Qadına, kişiyə, uşağa isə heç vaxt əzab verməzlər. Bu, dinin, əqidənin qanunudur. İnanırsız ki, düşmən tərəfi bizim tərəfin əsirlərinə elə əzablar verirdi ki, adam dəhşətə gəlirdi. Elə Xocalıdakı hadisələrə baxın, dəhşətli əzablar verdilər bizim insanlara. Ona görə düşmənə qarşı hər zaman ayıq və güclü olmaq lazımdı. Bu gün mən müsahibə verirəmsə, gənclərə istəyirəm ki, deyim, həmişə xalqın qeyrətli insanlara ehtiyyacı var. Yatmaq olmaz. döyüşə hər zaman hazır olmalıyıq.
Azərbaycanın çətin durumuda döyüşərək vətənə xidmət edən İsmayıl Tunc, o vaxtkı çətinliklərdən birinin də təcrübəli zabitlərin az olduğunu qeyd edib. Milli Qəhrəman bildirir ki, ölkənin hər yerindən mərd oğullar döyüşə gəlirdi, amma zabit baxımından kasadlıq var idi. Bu da bəzən döyüşə öz mənfi təsirini göstərirdi:
“O vaxtlar təcrübəli zabitlərimiz az idi. İgid çox idi, amma zabit az idi. Hərbi biliklər məhdud idi. Bir dəfə Tərtər taboruna tapşırıq verdim ki, çiyin- çiyinə yolun qırağına gəlib döyüşə davam etməliyik. Kənardan atırdılar deyə, ayaq üstə getsəydik bizi məhv edəcəkdirlər. Amma biz onda tapşırığı düzgün yerinə yetirib sağ qalıb döyüşməyə davam etdik. İstənilən işdə, hərbi də ola bilər, siyasət də və ya başqa sahə də. Gərək hər bir işi şərəflə yerinə yetirəsən.
Şəhid adı gələndə, onun ailəsi gələndə hər kəs bu gün ona hörmət etməldir. Türkiyədə bu iş çox yüksək səviyyədədir. Azərbaycanda da evlər verilir, yarımlar edilir, mənəvi köməkliklər olunur. Və bu, həmişə belə olmalıdır. Çünki, onlar öz canını bu vətən üçün verir. Hansısa məmur bunu etmirsə, onun qanı yoxlanılmalıdır. Çünki, azərbaycanlı heç vaxt öz şəhidinə biganə qala bilməz. Allah ölkəmizi qorusun, Heydər Əliyevi rəhmət etsin ki, bir zamanlar onun rəhbərlik etdiyi ölkə, onun qoyduğu yolun sayəsində belə inkişaf edir. Neft layihələri və digər iqtisadi addımlar bizim vətəni , ordunu inkişaf etdirib”.
Elcan Məmiyev / Ümid Tv