İşğaldan azad olunan ərazilərdə infrastrukturun tikinti-layihə sənədləri hazırlanır - RƏSMİ

İşğaldan azad olunan ərazilərdə infrastrukturun tikinti-layihə sənədləri hazırlanır - RƏSMİ

ÜMİDTV:   Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin apardığı təhlillərə əsasən 30 ilə yaxın düşmən tapdağı altında qalan ərazilərimizdə nəqliyyat infrastrukturu və avtomobil nəqliyyatı ilə xidməti təmin edə biləcək maddi və texniki bazanın demək olar ki, məhv edilməsi aşkarlanıb. 

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib. 

O bildirib ki, bu məqsədlə Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən təklif olunan avtomobil nəqliyyatına dair infrastruktur obyektlərinin nümunəvi tikinti-layihə sənədləri hazırlanır. 

Belə ki, sözügedən ərazilərdə 22 avtonəqliyyat müəssisəsi (bu müəssisələrə məxsus qarajlar, idarə binaları, sexlər, qaraj avadanlıqları, qurğular), 10 avtovağzal və avtostansiya kompleksi, avtonəqliyyat müəssisələrinə məxsus Ağdamda 160, Laçında 70, Füzulidə 60, Cəbrayılda 15, Zəngilanda 40, Şuşada 90, Xocalıda 70, Qubadlıda 50, Xankəndidə 350, Kəlbəcərdə 70, Ağdərədə 30, Xocəvənddə 10 ədəd, ümumilikdə 1015 ədəd nəqliyyat vasitəsi talan edilib, yararsız hala salınıb. Məhv edilən nəqliyyat infrastrukturu və maddi-texniki bazanın dəyəri isə milyonlarla manat həcmində ölçülür. 

Qeyd olunub ki, işğaldan azad edilən şəhər və rayonlarımızda yük daşınması, avtobusla sərnişin daşınması və taksi- minik avtomobilləri ilə sərnişin daşıma xidmətlərinin göstərilməsi məqsədilə avtomobillərə xidmət etmək üçün təmir sexləri, texniki qulluqların aparılması sahələri, yanacaq doldurma məntəqəsi, avtoyuma məntəqəsi və avtomobillərin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün digər sexlər və duracaq sahələri olan avtonəqliyyat təsərrüfatının təşkil edilməsi nəzərdə tutulub.

Nəzərdə tutulan işlər dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin tərkib hissəsi kimi reallaşdırılacaq. Bu, həmçinin özəl sektor üçün yeni investisiya imkanlarının yaranması və böyük layihələrin idarə edilməsi ilə bağlı təcrübələrin formalaşmasına geniş təkan vermiş olacaq. 

ÖNCEKİ HABER

Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi - SƏRƏNCAM

SONRAKİ HABER

İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturu ilə bağlı RƏSMİ AÇIQLAMA