Prezident İlham Əliyev Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının onların müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və dövlət reyestrindən çıxarışların, torpaq sahələrinin plan və ölçülərinin (bundan sonra – hüquqmüəyyənedici sənədlər) təqdim olunmasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə təmin etməli, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasının mərhələli şəkildə başa çatdırılması üçün zəruri tədbirlər görməli, eyni zamanda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Elektron kənd təsərrüfatı və Torpaqların elektron kadastr uçotu informasiya sistemləri arasında informasiya mübadiləsinin genişləndirilməsini təmin etmək üçün iki ay müddətində zəruri tədbirlər görüb bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, eləcə də bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Müəyyən edilir ki, 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu Fərmanın 1.1-ci bəndinin icrasını daha səmərəli həyata keçirmək üçün tələb olunan bütün xidmətlərin mobil “ASAN xidmət” nəqliyyat vasitələri ilə səyyar formada göstərilməsini 2021-ci il noyabrın 1-dən etibarən təşkil etməlidir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmana əsasən hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi üçün 3,5 milyon manat məbləğində vəsaiti 2022-2024-cü illər üzrə dövlət büdcəsinin layihəsində nəzərdə tutmalıdır.