Ucar rayonunda “Mənə xüsusi olaraq icazə verilib. 250 nəfər qonaq iştirak edə bilər. Hamısı ilə razılaşdırmışam", - deyə xüsusi karantin rejim qaydalarını pozaraq, toy sahiblərinə yalan vəd verən şəxslərin əsassız iddiaları cəmiyyətdə polis haqqında çaşqınlıq yaradır.
Bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, hələ bu azmış kimi polisin keçirdiyi monitorinq zamanı 16 yaşından aşağı olan yeniyetmələrin əmək müqaviləsi olmadan çalışdırılması halı da aşkarlanıb:
“Diqqətə çatdırırıq ki, pandemiya şəraitində hər bir şəxs qaydalara əməl etməlidir. Ölkə üzrə xüsusi karantin rejim dövründə toy şənliklərinin keçirilməsi qaydalarının pozulmasına görə 33 cinayət işi başlanıb, 38 nəfər inzibati həbs olunub, 2 822 nəfər cərimələnib. Onlardan 1 835 nəfər fərdi evlərdə toy təşkil edənlər olub. COVİD-19 pasportu olmayan 52 353 toy şənliklərinə buraxılmayıb”.