“Avropa Gəncləri Sülh Naminə” adlı Beynəlxalq Gənclər Forum çərçivəsində Avropanın 21 ölkəsini təmsil edən nüfuzlu gənclər təşkilatlarının 30-dan çox rəhbəri, gənc liderlər və fəal gənc ekspertlər Ağdam şəhərinə səfər ediblər.
Azərbaycan Gənclər Fondundan verilən məlumata görə səfər çərçivəsində Avropalı nümayəndələr Ermənistan tərəfindən işğal dövründə törədilmiş dağıntı və vandalizmin nəticələrini müşahidə edərək, Ağdam şəhərinin tarixi və mədəni irsinə qarşı törədilmiş cinayətin canlı şahidi olub, gördükləri mənzərə qarşısında dəhşətə gəldiklərini dilə gətiriblər.
Səfər zamanı nümayəndələr həmçinin işğaldan azad edilmiş torpaqlarda hazırkı mövcud vəziyyətlə tanış olub, Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionu, Ağdam Cümə və Qiyaslı məscidləri və Ağdam Dövlət Dram Teatrına ziyarət edərək, Ağdam şəhərinin tarixi, mədəniyyət abidələri haqqında məlumat əldə edib, Ağdamın Baş Planı ilə tanış olublar.
Qonaqlar Qarabağ torpağının ölkəmiz üçün hansı əhəmiyyəti olduğunu dilə gətirib, bundan sonra da haqq səsimizi geniş miqyasda çatdırmaq üçün dəstək olacaqlarını bildiriblər.
Nümayəndələrin növbəti gün Gəncə şəhərini ziyarət etməsi, raket hücumuna məruz qalmış ərazilərə ziyarəti və panel müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, sözügedən Beynəlxalq Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə keçirilir.