Bakıda Nursultan Nazarbayev haqqında filmin təqdimatı keçirilib - FOTO

Bakıda Nursultan Nazarbayev haqqında filmin təqdimatı keçirilib - FOTO

Bakıda Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin həyat və fəaliyyətinə həsr olunmuş “Qazaq. History of Golden Man” (Qazax. Qızıl adamın tarixi) filminin təqdimatı keçirilib.

“Report” xəbər verir ki, müəlliflərindən biri tanınmış amerikalı rejissor, üç dəfə Oskar Mükafatı laureatı Oliver Stoun olan 8 bölümlü sənədli ekran əsərini baş rejissor İqor Lopatonok və prodüser Vera Tomilova təqdim edib.

Filmin çəkilişlərinə ötən il başladıqlarını deyən rejissor İ.Lopatonok ekran əsərinin bu il iyulun 6-da, Nazarbayevin doğum günündə Qazaxıstanda, iyulun 15-də Moskvada, noyabrın 5-də isə Los Ancelesdə təqdim olunduğunu, gələn il isə Berlin Film Festivalında nümayiş olunacağını diqqətə çatdırıb.

 

Qazaxıstanın kinematoqrafiya sahəsində geniş imkanlara sahib olduğunu qeyd edən rejissor Azərbaycan kinosu ilə də tanışlığından bəhs edib: “2012-2013-cü illərdə azərbaycanlı həmkarlarımla birgə 1945-ci ildə çəkilmiş “Arşın mal alan” filminin bərpası və rəngləndirilməsində iştirak etmişəm. Kiçik büdcəsinə baxmayaraq, möhtəşəm komediya əsəridir”.

Amerikalı rejissor Azərbaycan haqqında da film çəkməyə hazır olduğunu bildirib: “Bu ölkənin çox zəngin, rəngarəng mədəniyyəti var. 2012-2013-cü illərdə burada olanda Qarabağ xalçalarını naxışına görə tanımağı öyrəndim. Azərbaycan haqqında sanballı bir film çəkərdim. Bir neçə yaxşı ssenari də var”.

 

ÖNCEKİ HABER

Standartlaşdırma İnstitutunun departament direktorunun müavini rüşvətə görə həbs edilib

SONRAKİ HABER

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması yeni əməkdaşlığa imza atıb - FOTO