Ceyhun Bayramov BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşü

Ceyhun Bayramov BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşü

Xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Arian Baueri Azərbaycandakı fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ceyhun Bayramov BQXK-nın ölkəmizdəki həyata keçirdiyi layihələrinin əhəmiyyətini qeyd edərək, bu xüsusda Arian Bauerin fəaliyyətini məmnunluqla vurğulayıb. O, Arian Bauerin ölkəmiz üçün xüsusi önəmli bir dövrdə, Vətən müharibəsi dövründə fəaliyyət göstərdiyini qeyd edərək ona postmünaqişə mərhələsində Azərbaycandakı səmərəli fəaliyyətinə görə təşəkkür edib və gələcək səylərində uğurlar arzu edib.

Ceyhun Bayramov, eyni zamanda BQXK-ın Azərbaycan nümayəndəliyinin yeni rəhbəri Draqana Koyiçə gələcək işlərində uğurlar arzulayıb. Nazir yeni nümayəndəyə bölgədə hazırda mövcud olan vəziyyət, münaqişə sonrasında mina təhlükəsinin doğurduğu acı fəsadlar, hələ birinci Qarabağ müharibəsindən itkin düşmüş 4 000-ə yaxın soydaşımızın taleyinin naməlum qaldığı və digər məsələlər barədə məlumat verib. O, bölgədə sülh və tərəqqinin təmin olunmasında Azərbaycanın qətiyyətli olduğunu diqqətə çatdırıb.

Arian Bauer fəaliyyəti müddətində ona göstərilmiş siyasi dəstəyə görə minnətdarlığını ifadə edib və BQXK ölkəmizdə bir çox istiqamətlərdə həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib.

Öz növbəsində Draqana Koyiç ölkəmizdə çalışacağı müddətdə BQXK-nın Azərbaycandakı fəaliyyətinin uğurla davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Tərəflər, Azərbaycan ilə BQXK arasında qarşılıqlı etimad doğuran münasibətlərin və açıq dialoqun gələcəkdə də davam etdiriləcəyindən əminlik ifadə ediblər.

ÖNCEKİ HABER

Bakıdan Füzuli şəhərinə ilk müntəzəm avtobus reysi açılıb - FOTO

SONRAKİ HABER

Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşüb - FOTO