İstənilən qanun pozuntusuna hüquqi müstəvidə qiymət verilməlidir - DEPUTAT ELMAN NƏSİROV

Akademik Ramiz Mehdiyevin nəvəsinin toy məclisinə deputat Elman Nəsirov sərt münasibət bildirdi.

ÜMİDTV.com:             Sərt karantin rejiminin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunan hadisə, yəni akademik Ramiz Mehdiyevin nəvəsinə toy məclisinin keçirməsi çox böyük təəccüb və təəssüf hissi doğurdu.

Bu sözləri Ümid Televiziyasına açıqlamasında Millət Vəkili, Politoloq Elman Nəsirov söyləyib.
Millət Vəkili qeyd edib ki, ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında bəşəriyyəti hədəfə almış koronavirus pandemiyasına qarşı olduqca ciddi tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər öz xarakter etibarı ilə önləyici, sistemli, ardıcıl və eyni zamanda milli, regional və qlobal məzmun kəsb edən tədbirlərdir. Bu tədbirlərdə əsas məqsəd ilk növbədə Azərbaycan vətəndaşının sağlamlığını qorumaqdır. Həmçinin onun sosial müdafiəsi istiqamətində addımlar atmaq, iqtisadiyyatın davamlılığını qoruyub saxlamaqdır. Bu cür çox mürəkkəb və qəliz vəzifələrin öhtəsindən gəlmək üçün Cənab Prezidentin siyasi iradəsi ortadadır. Xalq birliyi, vətəndaş həmrəyliyi var. Eyni zamanda bu prosesdə intizam və məsuliyyət məsələləri də çox böyük əhəmiyyət kəsb edir. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, bəzi şəxslər özlərini qanundan üstün tuturlar, özlərini imtiyazlı təbəqə kimi təqdim edirlər. Bu isə cəmiyyətdə haqlı olaraq narazılığa səbəb olur. Hər kəs bilməlidir ki, qanun qarşısında hamı bərabərdir! Heç kimin əlahiddə səlahiyyəti yoxdur! Dövlətimizin başçısı Cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, heç kim toxunulmaz deyil, heç kimin müstəsna hüquqları, əlavə imtiyazları yoxdur!
Belə olan vəziyyətdə hesab edirəm ki, baş vermiş hadisə Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin keçirilməsi və bu toy mərasimin onun kürəkəni, eks-deputat Əliyev İlham tərəfindən təşkil edilməsi, orada müəyyən məmurların iştirakı cəmiyətimizdə haqlı olaraq birmənalı qarşılanmamış və sosial şəbəkələrdə çox ciddi bir müzakirəyə səbəb olmuşdur. Hesab edirəm ki, Azərbaycan hüquqi dövlət olduğundan istənilən qanun pozuntusuna da hüquqi müstəvidə qiymət verilməlidir! - deyə Millət Vəkili vurğulayıb.
Elcan Məmiyev / Ümid Tv
ÖNCEKİ HABER

Azərbaycanda koronavirusla bağlı yeni statistika-SON DƏQİQƏ

SONRAKİ HABER

Türkiyədə koronavirusdan daha 772 nəfər sağalıb