Neft-qaz kəmərlərinə dair eybəcər plan - Fransa Gürcüstanı sanksiyalara qoşmağa çalışır

Makron Fransası Azərbaycana qarşı açıq düşmənçilik kursu götürüb

Makron Fransası Azərbaycana qarşı açıq düşmənçilik kursu götürüb. Bu məqsədlə rəsmi Paris əlindəki bütün təsir rıçaqlarını işə salmış kimi görünür. Fransa Senatının son fitnəkar qətnaməsi buna şəkk-şübhə saxlamadı. Bəs gözlənti nədir, Bakı-Paris münasibətləri hara kimi kəskinləşə bilər?

“Hələ ki, bunlar yalnız Senatın hansısa konkret öhdəlik doğurmayan bəyanatlarıdır. Lakin belə davam edərsə və Azərbaycana qarşı sanksiyalar elan edilərsə, Gürcüstan alətə çevriləcək”. “Yeni Müsavat”ın məlumatına görə, bunu tanınmış gürcü politoloq Levan Pirveli minval.az-a söyləyib. Ekspert ardınca deyib: “Çünki Fransanı Azərbaycan nefti və qazı maraqlandırmır, onun prioriteti urandır. Sanksiyaların Azərbaycan qazı və neftinin tədarükünü dayandırması riski isə Fransanın rəqiblərinə - İtaliyaya, Macarıstana və digər ölkələrə təsir edəcək. Amma təsəvvür etmək çətindir ki, Fransa sanksiyalar və ya embarqo elan edən kimi Macarıstan və ya Türkiyə Azərbaycandan qaz və neft almağı dayandıracaq. Ancaq Gürcüstan təzyiq altında bütün bu sanksiyaların icraçısına çevrilə bilər. Çünki o, Fransanın əlində alətdir. Beləcə, Gürcüstan durduğu yerdə çox yöndəmsiz vəziyyətdə görünür”.

Tiflis Fransanın təzyiqi altında həqiqətənmi bu avantüraya gedər? Daha dəqiqi, oturduğu budağı kəsməklə qonşu Azərbaycan, Türkiyə, İtaliya və Macarıstanla konfrontasiya kursu götürə, öz “ayağına” güllə ata bilərmi? Yada salaq ki, prezidenti (Salome Zurabişvili) Fransa vətəndaşı olan Gürcüstan bir neçə ay öncə Avropa İttifaqı üzvlüyünə namizədlik statusu almaq naminə Fransanın “Bastion” zirehli maşınlarının Ermənistana çatdırılması üçün tranzit rolu olmağa razılıq vermiş, bununla da Bakıda əndişə yaratmışdı. Ancaq bu dəfə söhbət Gürcüstanın özünün böyük tranzit haqları əldə etdiyi və yararlandığı neft-qaz xətlərindən, iki böyük qonşu - Azərbaycan və Türkiyə ilə münasibətlərə zərbə vurmasından gedəcək. Rəsmi Tiflis təzyiq altında belə ağılsızlığa qol qoyarmı?

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, rəsmi Tiflis qətiyyən bu avantüraya getməz: “İlk növbədə Gürcüstanla Azərbaycanın yaxın qonşuluq əlaqələri var. Üstəlik, bu ölkədə parlament üsul-idarəçiliyidir. Yəni Fransa vətəndaşı olduğunu dediyiniz prezidentin yox, baş nazirin səlahiyyətləri genişdir. Hazırkı gürcü baş nazir İrakli Qaribaşvili praqmatik siyasətçidir, Qərbin avantürasına gedəcək siyasətçi deyil, Rusiya, Türkiyə və Azərbaycanla normal münasibətlər saxlamağın tərəfdarıdır. Ən əsası isə həmin neft-qaz kəmərlərinin Gürcüstan ərazisindən getməsi onların xəzinəsinin illik gəlirlərinin 48 faizini təşkil edir. Sizcə, Gürcüstan bu gəlirlərdən imtina edərmi? Üstəlik, biz eyni regionda yerləşirik, tarixi qonşuluq, dostluq əlaqələri var. Gürcüstan heç zaman uzaq Fransanın belə bir oyununa qoşulmaz”. Professor onu da hesab edir ki, bölgədə enerji ticarətində Britaniya mühüm rol oynayır, bp şirkətinin önəmli payı var və belə vəziyyətdə Makron Fransası başından böyük bir qələt edə bilməz: “Həmçinin, Azərbaycanın Gürcüstanla imzalanmış müqavilələri var, orada müddəalar yer alır. Onlardan birində qeyd edilir ki, əgər Gürcüstan müqavilələri 50 ildən tez pozmağa cəhd edərsə, o zaman çox böyük məbləğdə cərimə ödəməli olacaq. Bu da Gürcüstanın büdcəsi qədər cərimə ödəmək deməkdir. Ona görə də səslənən mülahizələri və ehtimalları real hesab etmirəm”.

Siyasi ekspert Ramiyə Məmmədova gürcü həmkarının fikirlərini illuziya sayır. Onun sözlərinə görə, buna gedərsə, rəsmi Tiflis siyasi və iqtisadi cəhətdən intihar etmiş olar: “Gürcüstanın ən ağır günlərində, Rusiya təcavüz etdikdən sonra Azərbaycanın verdiyi neft-qaz, işıq hesabına yaşadılar. Keçmiş prezident Saakaşvili bu yaxşılığı həmişə xatırlayır və gürcü xalqına Azərbaycan dövlətinə minnətdarlıq borcu olduğunu qeyd edir. 2008-ci il müharibəsində rus tankları Tiflisin 25 kilometrliyində idi, o dövrkü Fransa prezidenti Sarkozi tələsik Gürcüstana gələrək Saakaşvilini yola gətirdi ki, Kremlin hücumlarını dayandırması üçün anlaşmaya getsin. Belə bir vəziyyətdə Azərbaycan Moskvanın xoşuna gəlməyən bir addım ataraq Gürcüstanın enerji tələbatını ödədi, indi sizcə, Azərbaycana təcavüz, sanksiya niyyətində olan Fransanın bu düşmənçiliyinə rəsmi Tiflis qoşularmı? Hər halda, ağlı başında olan iqtidar bunu etməz”.

Ekspertin fikrincə, ikincisi, Türkiyə faktoru var: “Gürcüstan aramızda körpüdür, tranzit ölkə kimi pul qazanır, Türkiyə onların turizminə yatırım qoyub, inşaat sektoruna investisiya ayırıb, Gürcüstanın qardaş ölkə ilə sərhəd bölgələrində Türkiyənin ciddi ticari təsirləri mövcuddur... Yəni Azərbaycanı bir kənara qoyaq, Fransanın düşmənçilik etdiyi Türkiyənin reaksiyasını Gürcüstan hakimiyyəti təsəvvür edirmi? Məncə, bu cür proqnozların özü irrealdır, üstəgəl, Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirə biləcək açıqlamalardır. Bu məsələdə diqqətli və həssas olmalıyıq”.
ÖNCEKİ HABER

Mikayıl Cabbarov Ələt azad iqtisadi zonası üzrə İşçi qrupuna rəhbər təyin edildi

SONRAKİ HABER

“Xalq Sığorta” İFLAS HƏDDİNDƏ... - Qərar verilə bilər...