Prezidentin regionlara səfərləri – dinamik inkişaf və balanslı yanaşma

  Azərbaycan ərazi bütövlüyünü təmin etməklə Cənubi Qafqazda əsas söz sahibinə çevrilib, regional və beynəlxalq mövqelərini getdikcə möhkəmləndirib, iqtisadi sahədə ciddi irəliləyişlərə, eyni zamanda, regionların sürətli inkişafına nail olub
 

Azərbaycan ərazi bütövlüyünü təmin etməklə Cənubi Qafqazda əsas söz sahibinə çevrilib, regional və beynəlxalq mövqelərini getdikcə möhkəmləndirib, iqtisadi sahədə ciddi irəliləyişlərə, eyni zamanda, regionların sürətli inkişafına nail olub. Prezident İlham Əliyevin Azərbaycanın bölgələrinə mütəmadi səfərləri regionların sosial-iqtisadi inkişafına təkan verməklə, aparılan işlərlə yerində tanış olmaq baxımından da mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısının özünün də qeyd etdiyi kimi: “Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər - ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir”.

AZƏRTAC mövzu ilə əlaqədar redaksiya məqaləsini təqdim edir.

Dövlətimizin başçısı rayonlara hər səfərində yeni obyektlərin açılışlarında və təməlqoyma mərasimlərində iştirak edir, görülən və həyata keçiriləcək işlərlə tanış olur, tapşırıq və tövsiyələrini verir. Bu səfərlərdə dinamika və balans gözlənilir. Belə ki, işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasının prioritet elan edilməsinə baxmayaraq, ölkəmizin digər şəhər və rayonlarının inkişafı da diqqətdən kənarda qalmır. Biz bunu son olaraq bu il Prezident İlham Əliyevin Lənkəran, Neftçala, Hacıqabul, Gəncə və Qəbələyə səfəri zamanı da şahidi olduq. Bu səfərlər zamanı açılışı keçirilən və ya təməli qoyulan obyektlərin sayı, həmçinin onların əhəmiyyəti və ölkənin sosial-iqtisadi inkişafında tutduğu yer bölgələrə diqqət və qayğının bariz təzahürüdür.

Dövlət başçısının regionlara səfərləri bölgələrin yüksəlişinin davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bir daha təsdiqləyir. Ümumiyyətlə, regionların inkişafı üçün uğurla reallaşdırılan Dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı artımına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun təmin olunmasına təkan verib.

Prezident İlham Əliyevin təkcə ötəngünkü səfərlərinə nəzər salaq. Dövlətimizin başçısı Hacıqabulda 8 məntəqəni birləşdirən avtomobil yolunun açılışında iştirak etdi, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə suyun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış oldu. Sonra Gəncədə Ekoloji Parkın tikintisi ilə tanışlıq oldu, İdman Sarayının açılışını etdi və şəhər stadionunun təməlini qoydu. Qəbələdə isə elektrik yarımstansiyası, Rayon Mərkəzi Xəstəxanası, avtomobil yolu və yeni məktəb binası istifadəyə verildi. Göründüyü kimi, bütün obyektlər sosial və iqtisadi təyinatlı olmaqla, həmin rayonların sakinlərinin sağlam, firavan yaşayışına xidmət edəcək.

Bölgələrin inkişafına kompleks yanaşma

Biz bölgələrin inkişafına kompleks yanaşmanı regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarından da görə bilərik. Belə ki, regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı Bakı şəhəri və qəsəbələri, Abşeron, Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran, Naxçıvan, Şəki-Zaqatala, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarını əhatə edir ki, bu da öz növbəsində respublikanın heç bir hissəsinin diqqətdən kənarda qalmadığını göstərir.

Son illərin statistikasına diqqət yetirsək görərik ki, Azərbaycan Prezidenti hər il təqribən 15 rayona (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) səfərlər həyata keçirir, açılış və təməlqoyma mərasimlərində iştirak edir, tikinti aparılan və ya aparılacaq obyektlərdə işlər və ya onların planları ilə tanış olur. Ümumiyyətlə, dövlətimizin başçısının bölgələrə səfərlərinin müntəzəm xarakter daşıdığını aşağıdakı rəqəmlərdən də görmək olar. Bu səfərlər Naxçıvan, Gəncə–Daşkəsən, Qazax–Tovuz, Quba–Xaçmaz, Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan, Şəki–Zaqatala və digər istiqamətlər olmaqla, ölkənin bütün regionlarını əhatə edir. Statistikaya nəzər salsaq görərik ki, 2021-ci ildə 17, 2022-ci ildə 14, 2023-cü ildə 11, bu ilin ötən dövründə isə 5 rayona, ümumilikdə, 47 səfər həyata keçirilib. Onu da qeyd edək ki, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilər də daxil olmaqla, 2021-ci ildən indiyədək bölgələrə 140-a yaxın səfər edib. Bu, Azərbaycan Prezidentinin bölgələrin inkişafına diqqət və qayğısının təzahürü kimi xarakterizə olunur.

Sosial-iqtisadi inkişaf rəqəmlərdə

Respublikamızın bölgələrinin inkişafında regionların inkişafı üzrə Dövlət proqramlarının da xüsusi əhəmiyyəti var. Məhz Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən bu proqramlar nəticəsində ötən 20 ildə mühüm iqtisadi nailiyyətlər qazanılıb. Nəticədə ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri 2023-cü ildə 30 milyard manatdan çox olub. Ölkəmizin strateji valyuta ehtiyatları təxminən 41 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, 2023-cü ildə bu rəqəm 3500 manatdan çox olub. Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artıb. 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın çoxalıb. Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 66 milyard ABŞ dollarını keçib və hazırda birbaşa xarici borcumuzu 10 dəfə üstələyir. Son 20 ildə qeyri-neft ixracı 8 dəfədən çox artıb. Bu dövr ərzində respublika üzrə 51 aqropark yaradılıb. Bu rəqəmlər dövlətimizin başçısının rəhbərliyi ilə 20 ildə qazanılan iqtisadi uğurların ümumi mənzərəsini əks etdirir.

Prezident İlham Əliyevin aqrar sahədə sahibkarlığın inkişafının stimullaşdırılması ilə bağlı qəbul etdiyi bir sıra qərarlar, imzaladığı sənədlər nəticəsində bu gün ölkəmizin istehsalı olan məhsullar “Made in Azerbaijan” brendi adı altında Çindən ABŞ-a qədər dünyanın yüzlərlə dövlətinə ixrac edilir. 2023-cü ildə ixrac olunan kənd təsərrüfatı və emal məhsullarının dəyərinin təqribən 1 milyard ABŞ dollarına çatması bu istiqamətdə həyata keçirilən siyasətin səmərəsidir. Göründüyü kimi, istehsal olunan məhsulların böyük əksəriyyəti kənd təsərrüfatı və emal sənayesinin payına düşür ki, bu da aqrar sahənin və qeyri-neft sektorunun dinamik yüksəlişini nümayiş etdirir.

Təbii ki, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əsas məqsədi ölkənin iqtisadi artım tempinin davamlılığının təmin olunması ilə yanaşı, həm də əhalinin sosial rifahının yüksəldilməsidir. Məhz regionlara olan diqqət və qayğının nəticəsidir ki, ötən 20 ildə 3200-dən çox məktəb binası, 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib, 40-dan çox olimpiya mərkəzi və yüzlərlə müxtəlif idman qurğuları istifadəyə verilib. Eyni zamanda, yolların tikintisi və yenidən qurulması, su, qaz, elektrik təsərrüfatlarının yenilənməsi və müasirləşdirilməsi, körpülərin salınması, sosialyönümlü obyektlərin yenidən qurulması və əsaslı təmiri prosesi davam edir. Bütün bu və sadalamadığımız digər faktlar bir daha sübut edir ki, ölkəmizin qarşısında işğaldan azad olunan ərazilərin bərpası, oradakı infrastrukturun yaradılması və Böyük Qayıdış proqramının reallaşdırılması kimi mühüm çağırışların dayanmasına baxmayaraq, Azərbaycanda balanslaşdırılmış daxili siyasət kursu həyata keçirilir, heç bir bölgə heç bir sahədə ölkənin ümumi inkişafından kənarda qalmır.

ÖNCEKİ HABER

ABŞ Çin və Türkiyədən İranı bölgədə gərginliyin qarşısını almağa çağırmağı xahiş edib

SONRAKİ HABER

Abşeron rayonunda Ramazan bayramında şəhidlərimiz ziyarət edilib -Fotolar