• 19 Eylül 2024 Perşembe

Yalan və həqiqət

Vətəndaş nəyə vərdiş etməlidir? İlham Hüseyn Biz elə bilirik ki, həqiqət öləndə özümüz diri qalırıq

Vətəndaş nəyə vərdiş etməlidir?

İlham Hüseyn

Biz elə bilirik ki, həqiqət öləndə özümüz diri qalırıq. Yalanla həqiqətin savaşında həqiqət məğlub olursa, bizim sağ qalmağımız uğur, təsəlli deyil. Reallıq budur ki, hər dəfə həqiqət öləndə, biz də ölürük. Sadəcə nəfəs almağımız bizi aldadır.
Böyük həqiqətlərin kiçik yalanlara təslim edilməsi, əslində, cəmiyyəti öldürmək cəhdidir. Məsələn, uzun illərdi soyuducusu ərzaqla yüklənməyən vətəndaşa, analoqsuz inkişaf təbliğatı yükləyirlər. Biz elə bilirik ki, bankomatdan bu ayın təqaüdünü çıxarmağımız idarəçilik uğurudur. Biz hansı gəlirlərin qarşısında, hansı həyatı yaşadığımızı hesablaya bilmirik. Büdcədə profisit yaranırsa, neftin qiyməti qalxırsa, biz bunu soyuducumuzla əlaqələndirməyə həvəsli deyilik. Biz iqtisadi rəqəmləri tanımaq istəmirik, pensiya kartını yerləşdirəcəyimiz bankomatı tanımaq bizə kifayət edir.
Bizə “valyuta ehtiyatımız 68 milyard dolları ötüb” müjdəsi verənlərə, “niyə mənim veteran təqaüdüm 80 manatı ötə bilmir” sualı ünvanlamırıq. Minimum əməkhaqqının minimum ehtiyacı ödəmədiyi ölkədə sabitlik olmur. Əgər halal maaşınla halal qida tapa bilmirsənsə, əgər keyfiyyətsiz və bahalı ərzaqlar səni aptekə yönəldirsə, deməli, qeyri-sabitlikdir, təhlükə böyükdür, təhdid altındasan və.s
Bir ölkədə maaşın 45-55 faizi ərzağa xərclənirsə, o ölkədə idarəçilik yoxdur, sümürməçilik var.
Biz yarımcan edilmiş həqiqətləri öldürməklə məşğuluq. Bəli, rejim həqiqətləri gözdən salır, yaralayır, döyür, biz də canın alırıq. Susmaq, biganə qalmaq, zalıma hiddətlənməmək, həm də həqiqətin qatilinə çevrilməkdi.
Biz qaz limitini keçməməyi yox, limit dələduzluğundan xilas olmağı uğur saymalıyıq. Missiyamızın xaricdən ucuz dərman gətirtmək yox, daxildə süni bahalığın qarşısını almaq olduğunu dərk etməliyik. Kilosu 18 manata olan quzu ətinə həsrətlə baxıb, broyler toyuğunun vüsalına yetmək şükrlük hadisə deyil.
Bir dəfə cəhd edib, ölkəmizə riyaziyyatın gözüylə baxmalıyıq. “Bu ölkədə, bu qədər sərvətlə, bu xalq necə yaşamalıdır” sualını rəqəmlərin diliylə cavablandırmalıyıq. O zaman aldadıldığımızı, yalançı təsəllilərə qurban getdiyimizi, qızıl fürsətlərdən məhrum edildiyimizi aydın görəcəyik.
Avtoritar rejimlərdə təhsil təsadüfən zədələnmir. Təhsil məqsədli şəkildə elə vəziyyətə salınır ki, düşüncəmiz analiz qabiliyyətinə yiyələnib, tələb mərhələsinə keçə bilməsin. Məhz buna görədir ki, cəmiyyətin adekvat reaksiyası yoxdur. Əlbəttə, bu ətalətdə qorxunun, inamsızlığın, ümidsizliyin də rolu var. Amma bu tormozlayıcı faktorlar da qəfildən yaranmır. Biz sağlam düşüncədən uzaq düşdükcə, reqressiv meyllərin immunitetin gücləndiririk. Eşitdiklərimizi dərhal həzm etmək ənənəsini ləğv etməliyik.
Məsələn, rəsmi açıqlama budur ki, 2024-cü ilin ilk rübündə orta aylıq əməkhaqqı 10,8 % artaraq, 947 manat olub. Bu xəbəri vətəndaşın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addım kimi sırayırlar. Amma biz bu rəqəmlərə başqa rəqəmlərlə sual verməyi bacarmalıyıq ki, həqiqəti tapaq.

  1. Əmək qabiliyyətli əhalinin neçə faizi muzdla çalışır?
  2. Muzdla çalışanların neçə faizi 900 manatdan yüksək maaş alır?
  3. Ötən müddət ərzində mal və xidmətlərin qiyməti neçə faiz artıb?
    Sualları artırmaq da olar. Amma bu 3 suala cavab tapmaq kifayət edir ki, 10.8 faiz artımın necə əridiyini və çox az bir təbəqəni əhatə etdiyini görə bilək.
    Cəmiyyət savadlı, analiz qabiliyyətli, tələbkar olanda, onu saxta inkişaf skafandırına salmaq mümkün olmur.
    Bir sözlə, bizə həqiqət kimi təqdim edilən hər şey həqiqət deyil. Hitlerin təbliğat naziri Göbbels “yalanı o qədər ağ danışmaq lazımdır ki, adamlar bunun yalan olmasına inanmasınlar” deyirdi. Yəni, elə rəqəmlər, elə fikirlər səsləndirmək lazımdır ki, cəmiyyət onu idarə edənlərin bu qədər də yalan danışa biləcəyini qəbul etməsin, həqiqət kimi dəyərləndirsin.
    Biz yazıda iqtisadi rəqəmlərə istinad etdik. Amma bu tendensiya xarici siyasətdə, Qarabağ məsələsində, demokratiyaya münasibətdə də özünü göstərir. Bütün sahələrdə bizi manipulyasiya edirlər.
    Ona görə də təftiş etməyi bacarmalı və buna vərdiş etməliyik.
ÖNCEKİ HABER

“Bakcell” qazinin nömrəsini ETİBARNAMƏSİZ danışdığına görə ləğv edib

SONRAKİ HABER

Səyyad Kərimov, Kəmaləddin Bədəlovun “ali” saxtalığına kim qiymət verməlidir?