• 19 Eylül 2024 Perşembe

Bəzi kəndlərə dair protokol imzalandı, ziyana düşən ermənilərə kompensasiya veriləcək

Mayın 15-də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyən edilməsi və təhlükəsizliyi məsələləri üzrə komissiyalarının doqquzuncu görüşü keçirilib

Mayın 15-də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyən edilməsi və təhlükəsizliyi məsələləri üzrə komissiyalarının doqquzuncu görüşü keçirilib.

AZƏRTAC-ın yaydığı məlumata görə, görüş iki ölkənin sərhədində Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə gerçəkləşib.

Xəbərdə bildirilir ki, tərəflər bundan əvvəl aprelin 19-da gerçəkləşən görüşün protokoluna uyğun olaraq görülmüş işləri müzakirə ediblər:

“… Bağanıs Ayrım (AR) – Bağanis (ER), Aşağı Əskipara (AR) – Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) – Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ Silahlı Qüvvələri Baş Qərargahının… 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.”

Görüşün yekunu olaraq müvafiq protokol imzalandığı qeyd olunur.

Komissiyaların bundan əvvəl ötən ay gerçəkləşən görüşündə Azərbaycan və Ermənistanın delimitasiya prosesində 1991-ci il Almatı Bəyannaməsinə əsaslanacağının razılaşdırıldığı açıqlanmışdı.

Qeyd edildiyinə görə, tərəflər ona uyğun olaraq Azərbaycanın nəzarətində olmayan həmin bəhs edilən 4 kəndin geri qaytarılmasını razılaşdırmışdılar.

Azərbaycan buna qədər ümumilikdə 8 kəndinin, Ermənistan isə 31 kəndinin ərazilərinin işğalda qaldığını bildirirdi.

Paşinyanın ofisi demarkasiyanın çətinlikləri barədə məlumat verib

Ermənistan baş nazirinin administrasiyasından Armenpress dövlət xəbər agentliyinə verilən məlumatda deyilir ki, Ermənistan-Azərbaycan sərhədinin Tavuş-Qazax sektorunda aparılan demarkasiya ilə bağlı bəzi çətinliklər yaranır.

Sərhədin ən çox mübahisələrə səbəb olan hissəsi Ermənistanın Kirants kəndi yaxınlığından keçir.

Baş nazirin ofisindən verilən məlumatda deyilir:

“Kirantsın üç koordinatı kompüterləşdirilib və daha sonra bura sərhəd dirəkləri vurulacaq. Kirants üçün yaxşı xəbər budur ki, son 33 ildə kitantslılar üçün əlçatmaz olan 25 hektarlıq kənd təsərrüfatı əhəmiyyətli torpaq kəndə qaytarılacaq”.

Demarkasiya 1976-cı ilə aid SSRİ xəritəsi ilə aparılır və bu zaman Kirants yolunun yerinin dəyişdirilməsi zərurəti ortaya çıxır.

Baş nazirin ofisindən bildirilib ki, yolun dəyişdirilməsi 2-3 ay ərzində icra oluna bilər.

Kirants kəndinin icra başçısı və kəndlilər deyirdilər ki, Nikol Paşinyanın sözlərinə görə Kirantsda demarkasiya üçün üç həssas nöqtə var. Bunlardan biri kənd məktəbidir. Kənd sakinlərinin dediyinə görə burada sərhəd məktəbin lap yaxınlığından keçəcək. Digər iki nöqtə körpüyə və Azərbaycana qaytarılacaq ərazidə ermənilər tərəfindən tikilmiş fərdi evlərə düşür.

Baş nazirin ofisi israr edir ki, mülkiyyət məsələsi o qədər də böyük deyil və hökumət demarkasiya nəticəsində ziyana düşən Ermənistan vətəndaşlarına ya pul, ya da yeni evlər vasitəsilə kompensasiya verəcək.

Bu da vurğulanıb ki, hökumət nümayəndələri elə bugündən (mayın 15-dən) bütün mümkün problemlərin siyahısını tərtib edəcək və Kirants sakinləri ilə müzakirələrə başlayacaqlar.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu.

Azərbaycan təqribən 20 faiz ərazisinin, Ermənistan isə bəzi kəndlərinin işğal edildiyini bildirirdi.

2020-ci ildə 44 günlük müharibə və ötən il sentyabrında 1 günlük hərbi əməliyyat nəticəsində rəsmi Bakı bütün ölkədə əsasən suverenliyi bərpa etdiyini açıqladı.

Bakı Qarabağda 1 günlük əməliyyatı “lokal antiterror tədbirlər”i, Yeravan isə “etnik təmizlənmə” kimi dəyərləndirib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Azadlıq radiosu

ÖNCEKİ HABER

Azərbaycan güləşçisi karyerasını başa VURDU

SONRAKİ HABER

Paris Yeni Kaledoniyadakı iğtişaşlarda Bakını günahlandırır