• 19 Eylül 2024 Perşembe

Avropadan qayıdan Mehdi Xəlilbəyli Bakıda həbs olunub

Müsavat Partiyasının üzvü, uzun illər Almaniyada siyasi mühacir kimi yaşamış Mehdi Xəlilbəyli həbs olunub

Müsavat Partiyasının üzvü, uzun illər Almaniyada siyasi mühacir kimi yaşamış Mehdi Xəlilbəyli həbs olunub. Onun apreldə, Almaniyadan Azərbaycana gələrkən Bakıda hava limanında saxlandığı bildirilir.

“Ölkəyə daxil olanda pasport yoxlanışında onun axtarışda olduğu bildirilib. Sərhəd xidmətinin əməkdaşı onu saxlayıb, prokurorluğa təhvil verib. İki aya yaxındır ki, Kürdəxanıda – Bakı İstintaq Təcridxanasındadır”, – onun yaxınları AzadlıqRadiosuna belə deyiblər.

M.Xəlilbəylinin 54 yaşı var. O, 2003-cü ilin oktyabrında prezident seçkisinin sonucları ilə bağlı etirazlar üzündən axtarışa verilib. Həmin hadisələrlə əlaqədar müsavatçıya Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya iştirak), 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, zor tətbiq etmə) maddələri ilə ittiham verilib. O, etirazlar zamanı “Lider TV”nin əməkdaşı Sahil Kərimliyə xəsarət yetirməkdə suçlanır.

M.Xəlilbəyli haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu bilgini Binəqədi rayon Məhkəməsindən AzadlıqRadiosuna təsdiqləyiblər.

M.Xəlilbəyli ittihamları rədd edir.

Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (AKM) üzvü olan M.Xəlilbəyli 2019-cu ildə Almaniyada qanunsuz miqrasıya hallarının təşkili (mühacir alveri) ilə bağlı araşdırmalar çərçivəsində tutulmuş, 2020-ci ilin yanvarında azadlığa buraxılmışdı.

Xatırlatma

2003-cü ilin oktyabr hadisələrindən sonra Azərbaycanda kütləvi həbslər yaşanmışdı. Həbs olunanlar arasında Müsavat Partiyasının keçmiş başqanı Arif Hacılı, Ümid Partiyasının sədri İqbal Ağazadə, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və başqaları vardı.

Azadlıq radiosu

ÖNCEKİ HABER

AİHM Azadlıq qəzetinə münasibətdə ifadə azadlığı pozuntusunu tanıyıb

SONRAKİ HABER

İctimai fəal: ‘Polislər cinsiyyət orqanımı sıxdı, ağrıdan müvazinətimi itirdim…’