• 19 Eylül 2024 Perşembe

Ermənistanda etirazlarla bağlı həbslərə başlanıb

Hüquq-mühafizə orqanları Ermənistanın onlayn taksi xidmətinin ofislərində axtarış keçiriblər və şirkətin kompüterləri müsafirə olunub

Hüquq-mühafizə orqanları Ermənistanın onlayn taksi xidmətinin ofislərində axtarış keçiriblər və şirkətin kompüterləri müsafirə olunub.

Azatutyun yazır ki, bundan bir neçə gün əvvəl GG şirkətinin təsisçisi Xaçatur Qriqoryan Yerevanda keçirilən antihökumət mitinqlərində iştiraka açıq çağırış etmişdi.

O iyunun 12-də Facebook postunda yazırdı ki, hər bir vətəndaş küçələrə çıxaraq arxiyepiskop Baqrat Qalstanyanın baş nazir Nikol Paşinyanın istefasını tələb edən mitinqlərinə qoşulmalıdır:

“Əgər sən ERMƏNİSƏNSƏ, mənə salam verdikdə sənə hörmət etməyimi istəyirsənsə etirazlara qoşulmalısan”.

Bu postun ertəsi günü Paşinyan administrasiyasının rəhbəri Arayik Arutyunyan Qriqoryanın çağırışını “təhqiramiz” və “qəbuledilməz” adlandırmışdı:

“Biznes başa düşməlidir ki, təxribatçı hərəkata qoşulmağa edilən belə çağırışlar biznesə ziyan vurur və cəmiyyətimiz üçün heç bir əlavə dəyər yaratmır”.

Azatutyun yazır ki, Arutyunyanın tənqidi etiraz hərəkatını dəstəkləyən bütün bizneslərə xəbərdarlıq kimi səslənmişdi.

Bundan iki gün sonra Ermənistan İstintaq Komitəsinin zabitləri GG şirkətinin Yerevandakı baş ofisinə, habelə şirkətin rəhbərlərinin evlərinə reyd keçirib. Bu da bildirilir ki, hələ bir il əvvəl bu şirkət barəsində vergidən yayınma ittihamı ilə cinayət işi açılıb.

Bununla belə şəxsən Qriqoryana və şirkətin başqa rəhbərlərinə qarşı rəsmi ittiham irəli sürülməyib.

GG şirkəti ittihamları rədd edir

İyunun 17-də yaydığı bəyanatda GG şirkəti ittihamları “əsassız və qanunsuz” adlandırıb və bunu şirkət sahiblərinin “vətəndaş mövqeyi” ilə izah edib.

Şirkətin vəkili deyib ki, bu reyd Paşinyanın administrasiya rəhbərinin tənqidi ilə birbaşa bağlıdır.

Vəkil əlavə edib ki, ofisin demək olar bütün kompüterləri aparılıb və bu, taksi xidmətindən başqa həm də yük maşınlarının icarəsi və çatdırma xidmətləri göstərən şirkətin fəaliyyətini iflic edəcək.

Etirazlara başçılıq edən keşiş Qalstanyan varlı sahibkarları Paşinyanın istefasını tələb edən hərəkatı dəstəkləməyə çağırıb.

O da GG şirkətinə reydi “siyasi motivli” adlandırıb:

“Hakimiyyət həqiqət uğrunda mübarizəyə qoşulan müxtəlif strukturları, təşkilatları, partiyaları və şəxsləri terror etməyə çalışır”.

Azatutyun yazır ki, İstintaq Komitəsi GG şirkətinə qarşı hərəkətlərdə siyasi motiv olmasına dair iddiaları rədd edib.

Azadlıq radiosu

ÖNCEKİ HABER

Azərbaycan COP29-a ev sahibliyi öncəsi mediaya basqıda günahlandırılır

SONRAKİ HABER

Mövqelərimiz yenə atəşə TUTULDU