Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı

Azərbaycanlı zəngin biznesmen Anar Məmmədov Bakıda bir göydələnin illər sürən tikintisində Donald Trampın iş ortağı kimi tanınıb

Azərbaycanlı zəngin biznesmen Anar Məmmədov Bakıda bir göydələnin illər sürən tikintisində Donald Trampın iş ortağı kimi tanınıb. ABŞ rəsmiləri arasında lobbiçiliyə milyonlarla dollar xərcləməsinin və bir ABŞ diplomatının sızan diplomatik yazışmada təsvir etdiyi kimi, “korrupsiyada ad çıxarmış” atasının tabeliyindəki nazirliyin gəlirli dövlət kontraktlarından qazanc götürməsinin də onun tanınmasında az rolu olmayıb.

A.Məmmədovun “Trump Tower” layihəsi uğur gətirməyib, Vaşinqtondakı lobbi imkanları da tükənib. Di gəl, Məmmədov öz nəhəng sərvətinə bir başqa bazar tapıb – Britaniya fastfud toyuq bazarını.

AzadlıqRadiosunun araşdırması Amerika qızartma toyuq zənciri KFC-nin İngiltərədə françayzinqinə 43 yaşlı Məmmədovun milyonlarla dollar xərclədiyini üzə çıxarıb. (“françayzinq” deyərkən, tanınmış brend adı ilə öz biznesini açmaq hüququ qazanmaq, bəlli ödənişlə nizamlı biznes texnologiyasından və tərəfdaş dəstəyindən yararlanmaq nəzərdə tutulur – red.). Bu işdə iştirakını isə bəzən özünün qəliz ofşor maliyyə strukturları ilə pərdələməyə çalışıb.

KFC şəbəkəsinə yatırımları Məmmədovun Britaniyadakı biznes və daşınmaz əmlak portfoliosunun – əmlak çantasının bir hissəsidir. “Transparency International UK” təşkilatının Britaniya torpaq reyestrindən əldə etdiyi qeydlərə görə, bu portfolioya Londonun ən bahalı küçələrində toplam dəyəri 30 milyon dolları aşan daşınmaz əmlak da daxildir.

Bu daşınmaz əmlakın çox hissəsi onun atasının neftlə zəngin Azərbaycanda nəqliyyat naziri olduğu vaxtda əldə edilib. Ata Məmmədovu 2017-ci ildə avtoritar prezident İlham Əliyev vəzifəsindən azad edib. Əliyevin özünün yaxınları Britaniyada daşınmaz əmlaka yüz milyonlarla dollar yatırıblar.

Məmmədov ailəsinin sərvəti məsələsini daha öncə ABŞ və Britaniya rəsmiləri qaldırıb. Britaniya qurumları son illərdə ölkəyə xaricdən, o cümlədən Azərbaycandan axan qanunsuz sərvəti araşdırmağa başlayıb. Azərbaycan davamlı olaraq “Transparency International”ın korrupsiya indeksində sonuncu yerlərdən birini tutur.

Anar Məmmədov Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ilə birlikdə. 2012
Anar Məmmədov Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ilə birlikdə. 2012

Azərbaycan mediasında Məmmədovun Britaniyada KFC restoranlarını satın alması barədə 2022-ci ilin sonlarında ilk dəfə məlumat yayılanda onun atası, keçmiş nəqliyyat naziri Ziya Məmmədov oğlunun Britaniyada bir dənə də restoranının olmadığını söyləmişdi.

“O xəbəri kim yazıbsa, gedib o restoranı tapsın. Onda mən o restoranı həmin adama verəcəyəm. 30 il olar, cəfəngiyat yazırlar… Anarın Britaniyada restoranı yoxdur”, – Azərbaycanın “Manşet” adlı hökumətyönlü xəbər saytı Z.Məmmədova istinadən belə yazmışdı.

Ancaq AzadlıqRadiosunun Azərbaycan xidmətinin araşdırması A.Məmmədovun hazırda İngiltərənin şimal-qərbində azı 20 restoranının olduğunu üzə çıxarıb. O, anonim ofşor şirkətindən yararlanaraq, azı, 10 il öncədən həmin sərmayəsini yatırmağa başlayıb.

Oğul Məmmədovun siyasi bağlantıları və sərvətinin mənbəyi daha öncə Qərbdə millət vəkilləri və dövlət qurumları arasında şübhə doğurub.

Azərbaycanın 62 yaşlı prezidenti İ.Əliyev 2003-cü ildə hakimiyyəti atasından təhvil alandan bəri neft və qazla zəngin sülalə dövləti üzərində nəzarətini gücləndirib. Onun hakimiyyəti dövründə qohumları həm də hava nəqliyyatı, tikinti və təbii sərvətlər kimi əsas sahələrdə gəlirli dövlət kontraktları hesabına nəhəng sərvət toplayıblar.

Əliyev hökumətinə bağlı digər yüksəkvəzifəli azərbaycanlılar da onun hakimiyyəti altında nəhəng sərvətə sahibləniblər. ABŞ Dövlət Departamentinin ölkənin investisiya mühitinə dair ötənilki hesabatında deyilir ki, “holdinq şirkətlərinin hökumətə bağlı kiçik bir qrupu iqtisadiyyatda dominantlıq edir”.

Əliyev və onun yaxın ətrafına aid, siyasi bağları olan adamlar dəfələrlə sərvətlərinin qohumbazlıq və dostbazlıqla bağlı olmasına dair ittihamları rədd ediblər.

Azadlıq radiosu

ÖNCEKİ HABER

Prezident xalqa xidmət edirsə, PA-da niyə qəbula qadağa qoyulub?

SONRAKİ HABER

Jurnalist Hafiz Babalının həbsi uzadılıb