Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan Xalq Cəbhəsi Partiyasının 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkisini boykot etmək qərarını müdafiə edir və milli maraqları düşünən bütün siyasi qüvvələri belə bir qərar verməyə səsləyir. Bu barədə Milli Şuranın bəyanatında deyilir.
“Milli Şura 1 sentyabr seçkisini seçki yox, nəticəsi əvvəlcədən müəyyən edilmiş, şəxsən İlham Əliyevin istəyinə uyğun ssenariləşdirilmiş ucuz tamaşa sayır və orada iştirakı lüzumsuz, milli maraqlar baxımından zərərli sayır”, – sənəddə qeyd edilir.
Milli Şura hesab edir ki, Azərbaycanda seçki institutu “bilavasitə İlham Əliyevin məqsədli siyasəti ilə məhv edilib və vətəndaşların seçkiyə heç bir marağı, inamı qalmayıb”.
“1 sentyabr seçkisinə xalqın etinasız münasibəti də bundan irəli gəlir. Elan olunan seçkinin kampaniya müddətinin artıq 3 həftəsi geridə qalır, lakin ölkədə hər hansı seçki ab-havası hiss olunmur. Acınacaqlısı budur ki, İlham Əliyev hökuməti də məhz belə olmasını istəyir. Azərbaycan hakimiyyəti bu seçkiyə sayı 300 nəfəri keçmiş siyasi məhbusla, azad medianı boğub sıradan çıxarmaqla, vətəndaş cəmiyyətinə, siyasi müxalifətə divan tutmaqla gedir. Seçki komissiyaları hakimiyyətin tam nəzarəti altındadır, bütün saxtakarlıq imkanları artırılmış şəkildə yerli və mərkəzi seçki komissiyalarının sərəncamındadır. Vətəndaş cəmiyyətinin, müxalifətin və müstəqil quruluşların səsvermə və səslərin sayılmasına nəzarət imkanı yoxdur. Mitinq və toplantılar üzərində qeyri-rəsmi qadağa qüvvəsində qalır”, – sənəddə qeyd edilir.
Xatırladaq ki, sentyabrın 1-də keçiriləcək parlament seçkilərində artıq 22 siyasi partiya öz namizədlərilə iştirak edəcəyini bəyan edib. Müxalifətdə olan Müsavat Partiyası 34 seçki dairəsindən, REAL Partiyası 13 seçki dairəsindən namizədlərinin adını açıqlayıblar.
Turan