• 19 Eylül 2024 Perşembe

Azərbaycan mətbuatı 149 yaşında. Azı 10 jurnalist həbsdədir

İyulun 22-də Azərbaycan milli mətbuatının 149 yaşı tamam olur

İyulun 22-də Azərbaycan milli mətbuatının 149 yaşı tamam olur. Builki mətbuat günü ölkədə ən çox jurnalistin həbsdə olması ilə yadda qalır.

Ötən ilin noyabrından bəri 10-dan çox jurnalist və media işçisi valyuta qaçaqmalçılığı ittihamı ilə saxlanılıb. Amma onlar ittihamları qəbul etmir, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə heç bir jurnalistin məhz işinə görə həbs olunmadığını deyir. Ancaq saxlanan jurnalistlər və media işçiləri, əsasən, hakimiyyətdə korrupsiyanı ifşa edən araşdırmaları ilə tanınan AbzasMedia, gündəlik bir neçə saat canlı proqramları ilə cəmiyyətə ölkə gündəmi ilə bağlı alternativ fikirləri çatdıran ToplumTV-nin əməkdaşlarıdır.

Yerli müstəqil jurnalistlər, beynəlxalq media qurumları hakimiyyəti jurnalistlərə qarşı qorxutma taktikasını dayandırmağa çağırır.

Həbsdəki jurnalistlər Şuşada yada düşmədi

Noyabrda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində bu çağırışların sayı artır. Hakimiyyət isə Milli Mətbuat Gününü Şuşada “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Qlobal Media Forumu ilə qeyd edir. Hökumətin siyasi kursunu dəstəkləyən yerli media təmsilçilərinin, xarici qonaqların qatıldığı tədbirdə ölkə başçısına müstəqil mediaya basqılarla bağlı sual verilməyib. Əvəzində “Reuters” və “Politico” kimi nəşrlər prezident Əliyevin Forumdakı çıxışında Fransanın müstəmləkə altında saxladığı ərazilərlə bağlı fikirlərinə yer verib.

Azərbaycanda son illər müstəqil mediaya təzyiqlər artıb. 2014-cü ildə ABŞ Konqresinin maliyyələşdirdiyi AzadlıqRadiosunun ofisi möhürlənib. 2017-ci ildə bir sıra saytlara Azərbaycandan giriş məhdudlaşdırılıb. Onların arasında AzadliqRadiosu, MeydanTV və “Azadlıq” qəzetinin saytları da var.

Bu il iyunun 13-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bir neçə məzmuna görə bütün saytın blok edilməsini ifadə azadlığı hüququnun pozuntusu kimi tanıyıb.

Azərbaycan 2024-cü ildə Sərhədsiz Reportyorlar Təşkilatının mətbuat azadlığı indeksində 13 pillə geriləyərək 180 ölkə içində 164-cü olub. Ötən il 151-ci idi.

Müqayisə üçün, Ermənistan indeksdə 43-cü, Gürcüstan 103-cü pillədə yer tutub.

1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməklə milli mətbuatın əsasını qoyub. 1877-ci ildə fəaliyyəti dayandırılan qəzetin yalnız 56 sayı işıq üzü görüb.

XX əsrin əvvəllərində Azərbaycanda “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi” ənənələrini davam etdirib.

Azadlıq radiosu

ÖNCEKİ HABER

Azərbaycan Aİ-ni uzunmüddətli qaz sazişləri razılaşdırmadığına görə tənqid edir

SONRAKİ HABER

NEFT FONDUNUN 23 İLİ – “Böyük pullar” dövrü arxada qaldı: nə qazandıq, nə xərclədik? (Araşdırma)