• 19 Eylül 2024 Perşembe

Putindən sonra hakimiyyətə kim gələ bilər: ekspert sorğusu

71 yaşlı Putin 1999-cu ilin avqustundan Rusiyanın ya prezidenti, ya da baş naziri olub

71 yaşlı Putin 1999-cu ilin avqustundan Rusiyanın ya prezidenti, ya da baş naziri olub. O, şəxsiyyət əsaslı avtoritar sistem qurmaqla yanaşı, narazıları daha sərt sıxışdırmağa başlayıb. Bu sistem siyasi çaxnaşma, iqtisadi böhranlar, müharibələr və qlobal COVID-19 pandemiyasından salamat çıxıb.

Yanvarda Putin beşinci müddətə prezidentliyə namizədliyini vermək ərəfəsində olanda BBC müxbiri Rusiyanın mərkəzi Rjev şəhərində bir təqaüdçüdən soruşub ki, Putini kimsə əvəzləyə bilərmi.

“Hal-hazırda yox. Ola bilsin, Putin daha sonra kimisə tapsın. Amma düşünürəm ki, o, hakimiyyətdə hələ çox qalacaq”, – qadın Putin hakimiyyəti dövründə Kremlin yaydığı narrativi dilə gətirib.

“Putindən sonrakı” dövr barədə düşünməyin çətinliyinə baxmayaraq, AzadlıqRadiosunun “Sistema” rusdilli araşdırma bölümü bu sualı azı 150 aparıcı rusiyalı ekspertə verib. Rusiya, ABŞ və Avropadan olan bu şəxslər politoloq, sosioloq, jurnalistlərdir. Onlardan azı 40-ı cavab verməyə razılaşıb. Onlardan soruşublar ki, Putin hakimiyyətdən necə gedə bilər və ondan sonra bu vəzifəni kim tuta bilər.

Ən mümkün ssenari

Bir çox respondentlər belə bir spekulyasiyanı fantaziya məhsulu adlandırıb, varisi hansısa dəqiqliklə seçməyin qeyri-mümkün olduğunu deyiblər. Bəzilərinin fikrincə, Putinin özünün bu məsələlərdə hansısa aydın fikrinin olmasının, özünə varis hazırlamasının əlaməti görünmür.

“Putin rejiminin zəifləməsi və böhranı Putinin təbii qocalmasına uyğun, onun nəticəsi olacaq”, — ukraynalı politoloq Volodimir Fesenko deyib.

Ekspertlərin əksəriyyətinin fikrincə, Rusiyada hakimiyyət dəyişikliyinin ən mümkün ssenarisi Putinin ölümü olardı. Demək olar, respondentlərin hamısı bunu Rusiya üçün ən mümkün yol adlandırıb. Səkkiz nəfər isə bunu yeganə mümkün yol sayır.

23 nəfərin fikrincə, çevriliş, yaxud elitalararası qiyam hakimiyyət dəyişikliyinə səbəb olar. Onların bir neçəsi bunu yeganə mümkün ssenari sayır.

Yalnız beş respondent vətəndaş müharibəsi, yaxud inqilabı Rusiya üçün fürsət hesab edir. Putin Rusiyasının sonunu hərbi məğlubiyyətin gətirəcəyini deyənlərin sayı bundan azacıq çoxdur. Bir ekspertin ehtimalına görə, hakimiyyəti böyük fəlakət, məsələn, nüvə enerjisi zavodunda qəza, yaxud qlobal iqtisadi iflas bitirə bilər. Bir nəfər qeyd edib ki, Putin ağır xəstəlik səbəbindən hakimiyyətdən “yumşaq” çevrilişlə kənarlaşdırıla bilər.

Maraqlıdır ki, respondentlərin heç biri Putinin hakimiyyətinin rəqabətli seçki ilə başa çatacağını ehtimal kimi səsləndirməyib.

İki ssenari

Ekspertlərdən iki mümkün keçid ssenarisində Putinin mümkün varislərinin adlarını çəkməyi də istəyiblər. Birincidə Putinin özü də seçim prosesində iştirak edir, vaxtilə prezident Boris Yeltsin Putini seçdiyi kimi, özünə varis seçir. İkincidə Putin ölür, yaxud hansısa səbəbdən prosesə qatıla bilmir.

Birinci ssenaridə 19 ekspert baş nazir Mixail Mişustinin adını çəkib. 18 nəfər Dövlət Şurasının katibi, Putinin keçmiş mühafizəçisi Aleksey Dyuminin adını qeyd edib. Digərləri Moskvanın meri Sergey Sobyanin, keçmiş prezident Dmitri Medvedev, müdafiə naziri Andrey Belousovdur.

İki ekspertin fikrincə, Putin Lyudmila Putina ilə nikahından olan kiçik qızı Katerina Tixonovanı varisi elan edə bilər. Bir nəfərsə onun böyük qızı Mariya Vorontsovanın adını çəkib.

Putinin seçim prosesinə qatılmadığı ikinci ssenaridə isə respondentlərin çoxu Mişustinin adını qeyd edib, ikinci yeri Sobyanin tutub. Yeddi respondent prezidentin köməkçisi, Federal Təhlükəsizlik Xidməti və Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Nikolay Patruşevin, beş nəfər Patruşevin oğlu, baş nazirin müavini Dmitri Patruşevin adlarını göstərib.

Ümumilikdə ekspertlər 34 mümkün varisin adlarını səsləndiriblər.

Bir ekspert Çeçenistan respublikaçısının başçısı Ramzan Kadırovun adını vurğulayıb, baxmayaraq ki, onun səhhət problemləri barədə davamlı məlumatlar gəlir.

Bir ekspert mühacirətdə yaşayan 61 yaşlı dissident biznesmen Mixail Xodorkovskini yada salıb.

Son 10 ildə Putinin ən tanınmış opponenti olmuş Aleksey Navalnı fevralda Arktikada həbsxanada vəfat edib.

Şərtlər önəmlidir

Bir çox ekspertlər deyiblər ki, mümkün varisin kim olacağını demək keçidin baş verəcəyi şərtlərdən dolayı mümkün deyil.

“Qəfil dəyişiklik olarsa, baş nazir postunda olanın varislik şansı böyükdür”, – adının çəkilməsini istəməyən bir təhlilçi yazıb. O, sovet diktatoru İosif Stalinin varisinin Nikita Xruşşov olacağının çox az adamın ağlına gəldiyini söyləyib.

Rusiyalı siyasi təhlilçi Fyodor Kraşeninnikov Putinin idarəçiliyinin qaranlıq tərəflərinə diqqət çəkib: “Biz heç Putinin yaxın ətrafında kimin olduğunu bilmirik”.

Stenford Universitetində Huver institutunun əməkdaşı Sergey Sanoviç deyir ki, Rusiyada siyasi dəyişikliyin 2036-cı ildən tez baş verməyəcəyini düşünür. Onda Putinin potensial altıncı, indiki qanunvericilikdə sonuncu prezidentlik müddəti başa çatacaq.

“İndi baş versəydi, pulumu oğul Patruşevə yatırardım. Amma bunun 2036-dan tez olmayacağını düşünürəm, onda Dmitri Patruşevin 60-a yaxın yaşı olacaq”, – o deyib.

Azadlıq radiosu

ÖNCEKİ HABER

Korsika, Yeni Kaledoniya… köhnə Kürdəxanı

SONRAKİ HABER

Dövlət Duması miqrantların hüquqlarını kəskin məhdudlaşdırır