10 AZN-lik Sirkətlər Milyonluq Tenderləri Necə Qazanır?
"Iri Şəhərlərin Birleşmiş Su Təchizatı Xidməti"nin keçirdiyi tenderlər son dövrlərdə cəmiyyət arasında mübahisələrə yol açıb. Bu ay ərzində, təşkilat iki iri tender keçirmişdir. Maraqlıdır ki, hər iki tenderin qalibi olan şirkətlərin nizamnamə kapitalı cəmi 10 AZN təşkil edir. Bu vəziyyət, əhalidə suallar doğurur.
İlk tenderin qalibi "DIRECT LINE TRADING" MMC olmuşdur. Şirkət ilə 1.109.884,4 AZN məbləğində müqavilə bağlanıb. Müqaviləyə əsasən, şirkət aşağıdakı materiallarla təmin etməlidir:
- Misar daşı (400x200x200mm) – 10.000 ədəd
- Misar daşı qırıntısı (40x70mm, karbonat) – 15.000 m³
- Qum-qırmadaş qarışığı (optimal tərkibli) – 20.000 m³
- Qum-çınqıl qarışığı – 5.000 m³
- Çınqıl (15x25mm) – 7.000 m³
- İnşaat qumu (suvaq üçün) – 2.000 m³
Əlavə olaraq, "DIRECT LINE TRADING" MMC-nin nizamnamə kapitalı yalnız 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi isə Şan Mammadov Vaqif oğludur.
İkinci tender isə kartriclərin satın alınması ilə bağlı olub və qalib "CASPIAN SUPPLIES AZE" MMC seçilib. Bu şirkətlə 560.002,98 AZN məbləğində müqavilə bağlanması gözlənilir. "CASPIAN SUPPLIES AZE" MMC-nin də nizamnamə kapitalı cəmi 10 AZN-dir. Onların qanuni təmsilçisi Tariyel Vahabov Tofiq oğludur.
Bu hadisələr ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. İri məbləğli tenderlərdə maliyyə dayanıqlığı və texniki imkanları suallar doğuran şirkətlərin necə qalib seçildiyi üzərinə suallar ortaya çıxıb. İnsanlar düşünür ki, bu cür şirkətlərin böyük tenderləri icra etməsi üçün kifayət qədər real resursları varmı?
Bu cür müqavilələrdəki əsas risklərdən biri, şirkətlərin maliyyə dayanıqlılığının şübhə doğurmasıdır. Cəmi 10 AZN nizamnamə kapitalına sahib olan bu şirkətlərin, böyük tenderləri icra etmək üçün yetərli maddi və texniki imkanları olmaya bilər. İcra gücü olmayan şirkətlərin müqavilələri yerinə yetirə bilməməsi hallarında, bu, tenderin ləgv edilməsi və əlavə maliyyə itkisi ilə nəticələnə bilər.
Həmçinin, müqavilə şərtlərinin yerinə yetirilməməsi, şirkətlərin öhdəliklərini yerinə yetirə bilməməsi və dövlət resurslarının itirilməsi kimi ciddi risklər meydana çıxır. Bu cür halların baş verməsi, cəmiyyət arasında narahatlıq yaradır və dövlət tərəfindən keçirilən tenderlərin şəffaflığına olan inamı azaldır.
Xatırladaq ki, "Iri Şəhərlərin Birleşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin İdarə Heyətinin sədri müvəqqəti olaraq Tahir Xəlilova həvalə olunub.
32gun.az