Yanvar ayında Azərbaycanda qeyd alınan nikah və boşanmalarla bağlı statistik məlumatlar açıqlanıb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2025-ci ilin ilk ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 1.814 boşanma halı qeydə alınıb. 2024-cü ilin müvafiq ayı ilə müqayisədə hər 1.000 nəfərə düşən boşanmaların sayı 2-dən 2,1-ə qədər artıb. Ötən ay isə hər gün təxminən 59 ailə dağılıb.
“Boşanmaların kəskin şəkildə artmasında bizim məşhur imzalar və tanınmış şəxslər boşanmanı təşviq edir kimi təqdim olunur, xüsusilə də televiziyalarda,” – deyə sosioloq Üzeyir Səfiyev Yenicag.az-a bildirib. O, boşanmaların kökündə duran əsas problemləri izah edərək diqqət çəkib.
Statistik məlumatlara əsasən, artıq bir neçə ildir ki, boşanmaların sayında artım müşahidə olunur. Üzeyir Səfiyev, bu dinamikanın gələcəkdə davam edəcəyini düşünür. Lakin o, hesab edir ki, boşanmaların qarşısını almaq üçün bir sıra addımlar atılmalıdır. İlk növbədə, televiziyalarda və sosial mediada ailə dəyərlərini təbliğ edən layihələrə yer verilməli, dağılışma həddində olan ailələrə yardım məqsədilə xüsusi verilişlər hazırlanmalıdır. Eyni zamanda, bəzi verilişlər ailə dəyərlərini deqradasiyaya uğradır, ailə münaqişələrini efirə daşıyır və bu, potensial münaqişəsi olan ailələri boşanmağa sövq edə bilər. Belə verilişlərin dərhal qarşısı alınmalıdır. Ekranlarda ailə dəyərlərini, ailə dinamikalarını təbliğ edən portret verilişləri təqdim edilməlidir.
Üzeyir Səfiyev, münaqişəli ailələrlə sosial və psixoloji işin vacib olduğunu da vurğulayıb. “Ailələrlə çalışan sosial işçi və psixoloqların akkreditasiyası və lisenziyalaşması həyata keçirilməlidir ki, onlar ailə psixoloqu və sosial işçi kimi fəaliyyətə başlasınlar. Bu işlər aparıldıqda, münaqişəli ailələrdəki problemləri boşanma səviyyəsinə çatmadan həll etmək mümkündür. Daha əvvəl buna ehtiyac yox idi, çünki Azərbaycan cəmiyyəti özünü tənzimləyən ənənəvi bir sistemə sahib idi, ağsaqqal və ağbirçəklər arxetipləri vasitəsilə belə halların qarşısını alırdılar,” – dəyərləndirmələrini edib.
Sosioloq, münaqişə durumlarının azalması və ictimai qinağın zəifləməsinin də boşanma hallarına təsir etdiyini bildirib. “Öncələr cəmiyyətin ictimai qinağı bu münaqişələri tənzimləyirdi və boşanmaların qarşısını alırdı. Amma indi ənənəvi cəmiyyətin əsasları zəifləyib və artıq həmin arxetiplərin nüfuzu azalıb. Artıq insanlar ictimai qinaqdan çəkinmirlər və boşanmanı ailə faciəsi olaraq qəbul etmirlər. İnsanlar daha eqoist və hedonistik bir həyata meylləniblər. Önceden uşaqsız ailələrdə boşanma halları daha çox idi, amma indi uşaqlı ailələrdə də boşanma artıb. Bu, insanların artıq ailə qayğısını və uşaq baxımını imtina etməsi və daha çox eqoist həyat tərzinə yönəlməsi ilə bağlıdır.”
O, əlavə edib ki, Qərbin təsirinin də boşanma hallarına təsir etdiyini və ənənəvi ailə strukturlarının zəiflədiyini bildirib. “Əgər öncə Azərbaycan cəmiyyəti patriarxal bir sistemə sahib idisə, indi bu ənənəvi cəmiyyət daha çox liberal təsirlərə məruz qalır. Burada şübhəsiz ki, Qərb güc mərkəzlərinin təsiri də var, çünki bu mərkəzlər ənənəvi cəmiyyətləri zəiflətmək üçün ailə institutunu hədəf alır. Gender bərabərliyi və qadın hüquqları adı altında qadınlar kişilərə qarşı qoyulmağa çalışılır və bu da ailə münaqişələrinə səbəb olaraq boşanmalara yol açır.”
Sosioloq, dövlətin ailə strategiyasının və aztəminatlı ailələrə dəstək verdiyi layihələrin davamlı və dayanıqlı olmasının lazım olduğunu bildirib. “Dövlət aztəminatlı ailələrə dəstək verməyə davam etməli və gənc ailələrlə bağlı əlavə tədbirlər həyata keçirilməlidir ki, ailə dayanıqlılığına töhfə versin. Buna görə də kompleks və koordinasiyalı fəaliyyətə ehtiyac vardır.”
Həmçinin Üzeyir Səfiyev, kütləvi informasiya vasitələri, Ailə, Qadın və Uşaq Komitələri, ailə böhran mərkəzləri, qeyri-hökumət təşkilatları ilə mütəmadi iş aparılmalı olduğunu əlavə edib. “Güman edirəm ki, orta məktəblərdə və ali məktəblərdə ailə dəyərləri aşılanmalıdır. Hesab edirəm ki, belə layihələrin həyata keçirilməsinə televiziyalar və sosial media platformaları imkan təmin etməlidir. Gənclərə, xüsusən gənc ailələrə böhranlı vəziyyətlərdən çıxış yolları ilə bağlı məlumatlar verilməli, təlimlər keçirilməlidir. Ailə, sağlam bir sevgi əsasında qurulmalıdır, hesab və maraqla deyil.”
Bununla yanaşı, boşanmaların statistikası içərisində saxta boşanma hallarının da mövcud olduğunu qeyd edib. Çünki bəzi insanlar evli olduqları kimi, saxta şəkildə boşanırlar və bu da statistikaya təsir edir. Lakin ümumilikdə, boşanmaların statistikasında bir artım müşahidə olunur və bu tendensiya daha da davam edə bilər. Önceden gənc ailələrdə boşanma halları çox idi, amma indi orta nəsil arasında da boşanma hallarının sayı artıb və bu, cəmiyyətin düşüncə transformasiyasını göstərir.”
Eyni zamanda, Üzeyir Səfiyev məşhur şəxslərin boşanmanı təşviq edən imic yaratmalarını da tənqid edib: “Bəzən məşhur imzalar və tanınmış şəxslər boşanmanı təşviq edir kimi təqdim olunur, xüsusilə də televiziyalarda. Xüsusilə boşanmış qadınların təntənəli və təmtəraqlı həyatları sərgilənir ki, bu da şübhəsiz ki, evdar qadınlara potensial münaqişəsi olan ailələrdəki qadınların həyatına təsir edir. Show-biznesdəki təmtəraqlı həyatları təbliğ olunan insanlar öz həyatlarına marağı artırır. Lakin bu, yalnız aysberqin görünən tərəfidir, onun arxasında görmədiyimiz çətinliklər, problemlər və ağrılı nəticələr mövcuddur. Buna görə də belə verilişlərdə bu cür təqdimatlar yolverilməzdir. Bunun əvəzində ailə ilə bağlı örnək verilişlər təqdim edilməlidir.”
Sosioloq, cəmiyyətdə ailə dəyərlərinin yüksəldilməsinin vacibliyini də vurğulayıb: “Önceki dövrlərdə ailəli insanlara iş həyatında, karyerada daha çox üstünlük verilirdi və onlara xüsusi hörmət göstərilirdi. Bu hörməti yenidən bərpa etmək lazımdır. Bu da cəmiyyətdə ailə dəyərlərinin güclənməsinə və ailə institutunun möhkəmlənməsinə gətirib çıxara bilər. Ümumiyyətlə, ailə institutunun güclənməsi üçün ardıcıl şəkildə cəmiyyət olaraq çalışmalıyıq, çünki bu, həm də Azərbaycan xalqının genetik təhlükəsizliyi, həm də milli təhlükəsizlik məsələsi anlamına gəlir.”