Üztanima kameralari xüsusilə cinayətkarlıqla mübarizədə mühüm rol oynayır. Bu kameralar əsasən parklar, küçələr və insanların sıx olduğu ərazilərdə yerləşdirilir. Üztanima texnologiyası vasitəsilə həm də piyadaların və sürücülərin yol hərəkəti qaydalarına riayət etməsi təmin oluna bilər.
Bu fikirləri Axar.az-a açiqlamasında nəqliyyat eksperti Elməddin Muradli üztanima kameralari haqqında danışarkən deyib. O, bildirib ki, üztanima kameralari vasitəsilə piyadaların qayda pozuntularına görə məsuliyyətə cəlb olunması mümkündür.
Elməddin Muradli bildirib: “Nəqliyyat vasitələrinin əksəriyyəti kameralar, radarlar və patrul avtomobillərində quraşdırılmış nəzarət sistemləri vasitəsilə izlənilir ki, bu da sürücülərin qaydalara riayət etməsini təmin edir. Piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi isə ciddi problemlər yaradır. Buna görə də parklarda, küçələrdə və digər ictimai yerlərdə bu texnologiyadan nəzarət məqsədilə istifadə oluna bilər.”
Ekspert, misal olaraq, piyadaların küçəni zibilləməsi və ya digər ictimai qaydaları pozması zamanı üztanima sistemləri vasitəsilə həmin şəxslərin kimliyinin müəyyən edilərək elektron cəzalar tətbiq edilə biləcəyini vurğulayıb. O, bildirib ki, insanlar küçədə necə davranmalı olduqlarını bilməlidirlər. Bu, ictimai davranış qaydalarının formalaşması baxımından çox vacibdir.
Elməddin Muradli hesab edir ki, bunun üçün qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. O, qeyd edib: “Qanunda olmayan bir şeyi vətəndaşa qarşı tətbiq etmək mümkün deyil və bu, düzgün də sayılmaz. Ona görə də üztanima texnologiyalarının tətbiqi ilə bağlı konkret mexanizmlər hazırlanmalıdır.”
Hazırda respublika üzrə 4700, o cümlədən Bakı şəhərində 4200 üztanima kamerası istifad olunur. Bu kameraların sayının artması, cəmiyyətdə ictimai təhlükəsizliyin artırılması və qanunların icrasının asanlaşması üçün mühüm addım hesab edilir. Yəni, üztanima sistemlərinin tətbiqi yalnız cinayətkarlıqla mübarizədə deyil, eyni zamanda ictimai davranış normasının formalaşmasında da əhəmiyyət daşıyır.