Dünya siyasətinin analizi və tədqiqatları ilə məşğul olan beyin mərkəzləri cəmiyyətlərə innovativ ideyalar təqdim edir. Bu mərkəzlər, informasiya təhlükəsizliyi, texnoloji inqilab və siyasi problemlərin artan mürəkkəbliyi fonunda fəaliyyət göstərirlər. Ölkələrin siyasətçiləri bu mərkəzlərin fəaliyyətindən faydalanaraq ictimai əhəmiyyət kəsb edən məsələlərə dair qərarvericilərə tövsiyələr hazırlamaq və geniş sosial müzakirə mövzularını analiz etmək məqsədini güdürlər. Cənubi Qafqaz, dünya siyasətinin önəmli bir mərkəzi olmaqla yanaşı, bu cür beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi tədbirlərin sayının artması ilə də diqqəti cəlb edir. Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzləri, sosial medianın izlənməsi, texniki-elmi təhlillər, sosial və iqtisadi islahatların monitorinqi və qiymətləndirilməsi ilə bağlı tədqiqatlar aparırlar. Bu da ölkəmizə olan diqqəti artırır. Hər bir ölkənin daxili və xarici siyasətində, vətəndaş cəmiyyətində iqtisadi siyasət analizini həyata keçirən tədqiqat mərkəzləri daha əhəmiyyətli bir rol oynayırlar. Beyin mərkəzlərində dünyanın aparıcı alimləri və mütəxəssisləri çalışaraq, siyasi sənədlər hazırlayırlar. Bu mərkəzlərin iştirakı ilə beynəlxalq forumlar və konfransların təşkili artır. Məsələn, 9 aprel 2023-cü ildə ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirildi. Bu forum dünya ictimaiyyətinin diqqətini Azərbaycan üzərinə yönəltdi. ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bu toplantıda 44 ölkədən 80-dən çox ekspert və beyin mərkəzlərinin nümayəndələri iştirak etdilər. Azərbaycan Prezidenti İlham Əliyev 7-ci ADA Siyasi Forumunda geniş çıxış edərək, dünyada baş verən hadisələr, xüsusilə Azərbaycan - Ermənistan münasibətləri haqqında qeyd etdi. O, bəzi dövlətlərin Ermənistanı dəstəkləyən siyasi dairələrinin məkirli əməllərinə diqqət çəkdi. Azərbaycan Prezidentinin forumdakı çıxışında, Cənubi Qafqazda sülhün möhkəmləndirilməsini və Ermənistanın danışıqlara qoşulmasında müsbət tərəfi vurğulandı. O, belə bir vəziyyətdə, Ermənistanın fəaliyyəti regionun inkişafına mane olduğuna işarə etdi. Azərbaycanın Ermənistana olan gözləntisi isə ölkənin ərazi bütövlüyünün tanınması və Ermənistan Konstitusiyasında olan iddiaların ləğv edilməsidir. Bu addımlar atıldıqdan sonra sülh sazisi imzalanabilər. İlham Əliyev, "Düşünürəm ki, biz vaxtı itirməməliyik. Çünki sülh sazisinə gəldikdə, top ermənilərin tərəfındadır", - dedi. Bununla yanaşı, realist yanaşmanın vacibliyini vurğulayaraq, Ermənistanla dərhal dost olmağın mümkün olmadığını qeyd etdi. İqtisadi inteqrasiya məsələlərinin tez bir zamanda müzakirə olunmasının tez olduğunu, lakin kiçik addımlarla etimadın qurulacağını bildirdi. Son olaraq, dövlət başçısının dünyaya verdiyi hər bir mesaj, xalqın milli maraqlarına xitab edir və vətəndaşların istəklərini ifadə edir. Bu, Azərbaycanın beynəlxalq siyasətdə təmsil olunması və regiondakı proseslərin düzgün qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor