Müdafiə naziri general-polkovnik Zakir Həsənov Laçın rayonunun ərazisində keçirilən komanda-qərargah təliminin gedişatını izləyib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Z.Həsənov Quru Qoşunlarının təlim qərargahında olub və fəaliyyətlərin təşkilini yoxlayıb.
Sonra, nazir səhra şəraitində açılan komanda idarəetmə məntəqəsində komandir və qərargah zabitlərinin xəritə və ərazinin maketi üzərində əməliyyatların aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib.
Qeyd olunub ki, dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimdə əsas diqqət komandir və müvafiq vəzifəli şəxslərin bilik səviyyəsinin, eləcə də idarəetmə və çevik qərar qəbuletmə vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.
Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınaraq müasir idarəetmə üsullarının tətbiq edilməsi ilə keçirilən təlimdə digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə tapşırıqlar icra edilib.
Təliminin planına uyğun olaraq bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarını tutub və qruplaşmalar yaradılıb. Müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı tapşırıqların şəxsi heyət tərəfindən gizli və operativ yerinə yetirilməsi məşq etdirilib.
Müdafiə naziri qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.