• 19 Eylül 2024 Perşembe

Azərbaycan-Konqo münasibətləri yeni mərhələyə yüksələcək

        Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqətdədir

        Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqətdədir. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin dəyişməz prinsiplərinin təqdimatında əhəmiyyətli rol oynayır. Tarixi Zəfərimizdən sonra ölkəmizin bütün sahələrdə, xüsusilə xarici siyasətdə qazandığı uğurların miqyası daha da genişlənir. Aprelin 4-də Konqo Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri bu kimi məqamlara aydınlıq gətirdi. Səfər çərçivəsində Prezidentlərin keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında müzakirə edilən məsələlər, Azərbaycanla bağlı səsləndirilən fikirlər ölkəmizlə əməkdaşlığa necə önəm verildiyini nümayiş etdirdi.

      İstər tarixi kontekstdə, istərsə də cari dövr baxımından Azərbaycanın Afrika ölkələri ilə yaxşı əlaqələri var. Hələ SSRİ dövründə Afrika ölkələrindən olan çoxlu sayda tələbə Azərbaycanın ali məktəblərində təhsil alıb. Azərbaycan pandemiya dövründə Afrika ölkələrinə dəstək verib, ikitərəfli münasibətləri inkişaf etdirib. Azərbaycanın 30 illik müstəqillik dövründə əldə etdiyi uğurlar Afrika ölkələri tərəfindən maraqla qarşılanır. Azərbaycanın kolonializmə qarşı mübarizəsi, Bakı Təşəbbüs Qrupunun yaradılması Afrika qitəsi ölkələri tərəfindən olduqca müsbət qarşılanır və dəstəklənir. Hətta Fransanın ənənəvi aktiv olduğu Afrika regionunda da Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Bunlardan biri də məhz Konqodur.

        Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə səfərinin əhəmiyyətini artıran mühüm məqamlardan biri ilk səfər olmasıdır. Bu mühüm addım bundan sonra münasibətlərin inkişafında əsas amillərdən olan qarşılıqlı səfərlərin davamlılığının təmin edilməsində əhəmiyyətli rol oynayacaq. Mətbuata birgə bəyanatlarında “Sizin səfəriniz tarixi səfərdir. İlk dəfədir ki, Konqo Respublikasının Prezidenti Azərbaycana rəsmi səfər edir. Artıq demək mümkündür ki, səfərin çox gözəl nəticələri olacaq” söyləyən dövlət başçısı İlham Əliyev əlavə olaraq onu da bildirdi ki, məzmun, mahiyyət nöqteyi-nəzərindən də bu səfəri tarixi səfər adlandırmaq olar. Ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılır. Biz öz siyasi iradəmizi ortaya qoymuşuq. Bu əminlik də ifadə olundu ki, əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq. Qarşılıqlı səfərlər əsasında müzakirə edilən məsələlər, ümumi mövqenin ortaya qoyulması, sənədlərin imzalanması münasibətlərin gələcək inkişafında öz sözünü deyəcək.

       Hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Eyni zamanda, hər bir ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Əlaqələrin inkişafında iqtisadi amil əsasdır. Azərbaycanın iqtisadi imkanları əlaqələrin inkişafında mühüm rol oynayır. Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycanın bu sahədə mövcud imkanları beynəlxalq səviyyədə təqdir edilir. Göründüyü kimi, Azərbaycanın xarici siyasət uğurları beynəlxalq səviyyədə diqqətlə izlənilir və bu əlaqələrimizin daha da möhkəmlənməsinə və yeni istiqamətlər üzrə inkişafına stimul verir. Səfər çərçivəsində müzakirə edilən məsələlər fonunda bir daha belə bir əminlik ifadə olundu ki, əlaqələrin inkişafı üçün böyük potensial mövcuddur.

 

         Fazil Məhəmmədov,

         Pirallahı Rayon Ağsaqqallar Şurasının üzvü

 

ÖNCEKİ HABER

Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı Çingiz Abdullayevin 65 illik yubileyi ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

SONRAKİ HABER

Respublika Gənclər Kitabxanasında bəstəkar Asəf Zeynallının xatirəsinə həsr olunmuş material hazırlanıb