Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım
günüdür. Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar
Respublikasında anadan olub. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibbİnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda gözxəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası Laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.
Akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında
müstəsna xidmətləri vardır. XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü
zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi
geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan
müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir,
Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-
oftalmoloqlara məruzələr oxuyurdu. Traxomanın sosial xəstəlik kimi ləğv olunması
məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi
dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün
respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.
Zərifə xanım Əliyeva dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə
kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi,
profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın
əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli
Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu və silahdaşı idi. O, Ulu Öndərə mənəvi dayaq, arxa olub.
Zərifə xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev
demişdir: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz
müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi,
Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə
xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin,
sağlamlaşdırsın”.
Gənc oftalmoloq traxoma ilə əlaqədar real vəziyyəti əyani olaraq müşahidə
etmək üçün ucqar rayonlara gedərək göz xəstəliklərinin regional lokallığını
müəyyənləşdirir, xəstəliyin epidemioloji xüsusiyyətlərini araşdırır, xəstələrə öz
məsləhətlərini verir, bir sıra göz xəstəliklərinin profilaktika və müalicəsi haqqında
maarifləndirici söhbətlər aparırdı. Yalnız bundan sonra dissertasiya müdafiə
etməyi qərara alan alim 1959-cu ildə yerinə yetirdiyi elmi istiqamətlərinin
nəticələrinə əsasən “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə
müalicəsi” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri
namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1967-ci ildən etibarən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasında pedaqoji fəaliyyətə
başlayan Zərifə Əliyeva əvvəlcə kafedranın dosenti, sonra professoru, daha sonra isə həmin kafedranın müdiri olmuş, həkimlərin hazırlıqlarının tədris-metodik göstərişlərə uyğun şəkildə aparılmasına əlverişli şərait yaratmış, müxtəlif mövzulu
monoqrafiyaların, tədris-metodik göstərişlərin, dərs vəsaitlərinin yazılmasına
böyük əmək sərf etmişdir. Onun Sovet İttifaqında hələ o dövrdə böyük nüfuz
qazanmış Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda göz
xəstəlikləri üzrə SSRİ-nin müxtəlif guşələrindən gəlmiş və təkmilləşmə kursu
keçən həkimlərlə apardığı mühazirə və praktik məşğələlərin əsasını tibb elmində
əldə edilən yeniliklərin şərhi, praktik vərdişlərə yiyələnmənin istiqamətləri, müasir
tibbi cihazların gündəlik təcrübədə tətbiqi üsullarının dərindən mənimsənilməsi
kimi mühüm elmi istiqamətlər təşkil edirdi.
Görkəmli alimin aktual problemin həlli yollarında apardığı səmərəli işlər
tezliklə öz bəhrəsini vermiş və o, 1976-cı il may ayının 27-də M.Helmholts adına
Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın bəzi kimya
sənayesi müəssisələri işçilərində görmə orqanının vəziyyəti” mövzusunda
dissertasiya müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq
görülmüşdür.
Zərifə xanım Əliyevanın alim olaraq elmi maraqları yalnız görmə orqanının peşə
patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla
zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətdə rəğbət qazanmışdır.
Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış,
onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə
tutulmuş dərs vəsaitləri, məsələn “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və
s. məhz bu məsələlərə həsr olunmuşdur.
1981-ci ildə ölkəmizin tibb elminin, səhiyyə sisteminin tarixində son dərəcə
mühüm bir hadisə baş vermişdir. Moskvadan alınan xəbərdə qeyd edilirdi ki,
Azərbaycan alimi Zərifə Əziz qızı Əliyeva görmə orqanının peşə patologiyası
sahəsində apardığı silsilə elmi-tədqiqat işlərinin dəyərli nəticələrinə görə SSRİ
Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq
görülmüşdür.
Zərifə xanım Əliyeva 1982-ci ildə Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri vəzifəsinə, 1983-
cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi
nəticələrinin səhiyyə praktikasında geniş tətbiqinə, yüksəkixtisaslı tibb kadrlarının
hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərə görə Azərbaycan SSR Elmlər
Akademiyasının həqiqi üzvü seçilmişdir. O, Azərbaycan oftalmoloqları arasında
Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk alimdir.
Zərifə xanım Əliyeva yaşadığı ömrə təkcə yaxşı həkim olmağı sığdırmamışdır. O,
hər kəsin dərdinə biganə qalmayan qayğıkeş İnsan, vəfalı ömür-gün yoldaşı,
mehriban ana idi.
Zərifə xanım Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının
təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın
həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi,
insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona
həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
Həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən
böyük söz və sənət adamları – Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Mirəsədulla
Mirqasımov, Bülbül, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım zamankeçdikcə özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi.
Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər
biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə
xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham
Əliyevin anasıdır.
Akademik Zərifə xanım Əliyeva 1985-ci il aprel ayının 15-də əbədiyyətə
qovuşmuşdur. İllər bir-birini əvəz etsə də, əvəzolunmaz alimin əziz xatirəsi heç
vaxt yaddan çıxmır, daim ehtiramla yad edilir. Xalqımızın qəlbində Zərifə xanımın
işıqlı xatirəsi əbədi yaşayacaqdır. Böyük ürəyə sahib olan Zərifə xanımı hörmət və
ehtiramla anırıq!
Mehriban İsrafilova
Xətai rayon İcra Hakimiyyəti-baş məsləhətçi