İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anma günüdür

Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anma günüdür.
Dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyeva XX əsr Azərbaycan tarixinin görkəmli simalarındandır. O, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi, mahir səhiyyə təşkilatçısı Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Atası Əziz Əliyev rektor, nazir, Mərkəzi Komitənin katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifələrdə çalışmış, dərin intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmışdı. Onun enişli-yoxuşlu həyatının bütün mərhələləri, əslində, övladları üçün həyat məktəbi idi. Belə bir ailədə böyüyən Zərifə xanım, təbii ki, zəhmətsevərliyi, səmimiliyi, insanlara sevgisi ilə başqalarından seçilirdi. Bu nəslə və ailəyə məxsus ziyalılıq, doğma ocağa, xalqa və vətənə bağlılıq kimi nəcib xüsusiyyətlər onun şəxsiyyətində öz təcəssümünü tapmışdı.
Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.
Zərifə Əliyeva həkimlik peşəsini çox uca tuturdu. Həkimi Günəşə bənzədərək deyirdi: “Həkim insanlara Günəş qədər lazımdır”.
1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemin - gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Beləliklə, gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı.
Görkəmli alim uzun illər respublikanın iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Bu tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.
Yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasında misilsiz xidmətlər göstərən Zərifə xanım traxoma kimi infeksion xəstəliyin tam müalicə olunmasında əldə etdiyi nailiyyəti ilə tibbin oftalmologiya sahəsinə novatorluq gətirdi.
“Kəskin virus konyuktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” – bu, Zərifə xanım Əliyevanın müəllifi olduğu dərs vəsaitlərinin və monoqrafiyaların heç də tam olmayan siyahısıdır. “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını itirməyib. O, həmçinin iridodiaqnostika və iridoterapiya problemlərini araşdırıb, dünya miqyasında iridodiaqnostikaya aid ilk kitabları yazıb.
Zərifə xanımı yaxından tanıyan elm və mədəniyyət xadimləri, həkim-kolleqləri onun xidmətlərini həmişə yüksək qiymətləndirmişlər. Məsələn, dünya şöhrətli oftalmoloq alimlər – Rusiya Tibb Elmlər Akademiyasının akademiki A.P.Nesterov, professor L.K.Moşatova, professor N.B.Şulpina, akademik M.Cavadzadə, professorlar Z.Quliyeva, Q.Nəsrullayeva, M.Sultanov və başqaları Azərbaycan elmi - ictimaiyyəti akademik Zərifə xanım Əliyevanın xatirəsini uca tutur və fəaliyyətini yüksək qiymətləndirirlər. Akademik Zərifə Əliyevanın adı liseylər, kolleclər və Universitetlər üçün yazılan müvafiq dərsliklərə və tərtib olunan fənn proqramlarına daxil edilmişdir.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Zərifə xanım yalnız biliyini, elmini tələbələrinə öyrədən müəllim olmayıb, həm də ölkəmizin gələcəyinə işıq saçan gəncliyə ana qayğısı göstərib. Bu, əsl Azərbaycan qadınının alim, müəllim kimi xalqına sevgisi, gələcəyi üçün xidmət nümunəsidir!
Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.
Xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.
Bu gün ruhu şaddır ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları böyük Öndərin layiqli davamçısı kimi Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi yolunda nəhəng işlər görür. Azərbaycanın Prezidenti cənab İlham Əliyev özünün yorulmaz və əzmkar fəaliyyəti, böyük zəhməti və doğma Vətənə sonsuz sədaqəti sayəsində ölkəmizin bütün dünyada lider dövlətə çevrilməsini təmin edir.

Azər İsmayılov
Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru

ÖNCEKİ HABER

İlham Əliyev: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

SONRAKİ HABER

Sadə Azərbaycan ziyalısı