İnfrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var

        Azərbaycan aqrar sektorda geniş potensiala malik olan ölkədir

        Azərbaycan aqrar sektorda geniş potensiala malik olan ölkədir. Münbit torpaqlar, gözəl iqlim xüsusiyyətləri, ölkənin əlverişli coğrafi mövqedə yerləşməsi, son illərdə regionlarda yaradılan müasir infrastruktur, nəqliyyat-loqistika imkanlarının genişləndirilməsi respublikamızda kənd təsərrüfatının inkişafı qarşısında geniş perspektivlər açır. Ölkə əhalisinin 40 faizdən çoxunun bölgələrdə yaşadığını nəzərə alsaq, deyə bilərik ki, kənd təsərrüfatında iqtisadi aktivliyin artırılması sosial baxımdan - regionlarda əhalinin gəlirlərinin artması, məşğulluğunun təmin olunması nöqteyi-nəzərindən də böyük önəm daşıyır. Son illərdə ölkəmizdə müasir infrastruktur qurulmasından söhbət açarkən regionlarda kənd təsərrüfatının inkişafının stimullaşdırılması məqsədilə həyata keçirilən yeni su layihələrinin önəmini xüsusi qeyd etmək lazımdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə uyğun olaraq ölkə miqyasında su layihələrinə əsaslı kapital qoyuluşu dəfələrlə artıb, sahənin maddi-texniki bazası xeyli gücləndirilib, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilib. 

          Ölkə Prezidentinin Fərmanları əsasında təsdiqlənən Regional İnkişaf Proqramlarının uğurlu icrası hər bir bölgənin simasının yenilənməsində, şəhərlə kənd arasında fərqin aradan götürülməsində, yeni iş yerlərinin yaradılmasında aydın ifadəsini tapır. Hər bir Dövlət Proqramında nəzərdə tutulan hədəflərə yüksək səviyyədə nail olunması yeni sənədin qəbulunu bir zərurətə çevirmişdir.  Son üç ildən artıq dövrdə tarixi Zəfərimizin reallıqları fonunda yeni hədəflər müəyyənləşdirilib və onlara nail olmaq üçün mühüm addımlar atılır. Bu gün qürurla işğaldan azad edilmiş əraziləimizin bərpasından və yenidən qurulmasından, burada soydaşlarımızın məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlərdən bəhs edirik. Bölgələrimizdə infrastruktur layihələrinin uğurlu icrası hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Aprelin 16-da Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub. Təməlqoyma mərasimində çıxış edən dövlət başçısı üç ildən sonra,  2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışının keçiriləcəyini əminliklə bildirib. Qeyd edilib ki, kanalın istifadəyə verilməsindən sonra ərazidə əkin sahələri iki dəfədən çox artırılacaqdır.

        Ölkədə qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi - bütün bu amillər inkişafın göstəriciləridir. Regionların malik olduqları potensialdan səmərəli istifadə etmək üçün bütün zəruri addımlar atılır. İnfrastrukturun yenilənməsi, təkmilləşməsi ilk gündən qarşıya əsas vəzifə kimi qoyulub. Bu gün qürurla bu mühüm məqamı qeyd edirik ki, bütün bölgələrimiz, o cümlədən işğaldan azad edilmiş ərazilərimiz inkişaf dövrünü yaşayır. Cənab İlham Əliyevin regionlara hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Təkcə son günlərdə Hacıqabul və Qəbələ rayonlarına, Gəncə şəhərinə səfəri zamanı atılan addımlara diqqət yetirmək kifayətdir. Son illər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi prioritetlər sırasındadır. Bölgələr arasında ixtisaslaşmanın aparılması, onların malik olduqları resurslardan istifadəni təmin etmək üçün həmin sahə ilə bağlı Dövlət Proqramlarının təsdiqlənməsi və uğurlu icrası da bu məqsədə xidmət edir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə də bu məsələyə xüsusi diqqət göstərilir. Tarixi Zəfərimizdən sonra iqtisadi rayonların yeni bölgüsünün aparılması, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsi də bunun bariz nümunəsidir. Qarabağda və Şərqi Zəngəzurda kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır.

      Fazil Məhəmmədov,

     Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü

 

 

ÖNCEKİ HABER

Göygöl rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

SONRAKİ HABER

Fransa səfirinin geri çağırılması indiki halda ucuz siyasi gedişdən başqa bir şey deyil - RƏY