• 19 Eylül 2024 Perşembe

Xalq Cəbhəsi üzvünə 30 sutka verildiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü İmran Qurbanlıya 30 sutka müddətinə inzibati qaydada həbs verildiyi bildirilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü İmran Qurbanlıya 30 sutka müddətinə inzibati qaydada həbs verildiyi bildirilir.

Bu barədə Azadlıq Radiosuna mayın 22-də AXCP-dən məlumat verilib.

Məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli sayılıb.

Partiyadan bunu hakimiyyətinin növbəti şərləmə aktı kimi dəyərləndiriblər: “İmran Qurbanlı sosial şəbəkələrdə hökuməti tənqid edirdi. Ona görə də Türkiyədən Azərbaycana dönən kimi onu həbs ediblər”.

Bu açıqlamaya, hələlik, Naxçıvan MR Daxili İşlər Nazirliyi və başqa cavabdeh rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Xalq Cəbhəsi üzvü Naxçıvanda saxlanıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü İmran Qurbanlı saxlanıb.

Bu barədə AXCP-dən məlumat verilib.

Partiyadan bildirilib ki, İ.Qurbanlı mayın 21-də səhər saatlarında saxlanıb: “İmran bəy Türkiyədə yaşayıb işləyir. İldə bir neçə dəfə Naxçıvana ailəsinə baş çəkmək üçün gəlir. Bu gün səhər saat 10 radələrində özü bizimlə əlaqə saxlayıb dedi ki, qapıda altı-yeddi polis əməkdaşı var, onu Şərur rayon polis şöbəsinə aparırlar”.

AXCP-dən qeyd olunub ki, bir neçə saatdır ailəsi ondan xəbər tuta bilmir.

Partiyadan hesab edirlər ki, o, sosial şəbəkələrdə yazdığı tənqidlərə görə saxlanıb.

İ.Qurbanlının saxlanılması barədə məlumatı “Turan”a Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən də təsdiqləyiblər. Bildirilib ki, həmin şəxs saxlanıb, barəsində araşdırma aparılır. Amma nazirlikdən ətraflı məlumat almaq mümkün olmayıb.

Naxçıvan MR Azərbaycanın eksklavı sayılır. O, ölkənin əsas ərazisindən aralıda yerləşir və digər dövlətlərlə (Türkiyə, İran, Ermənistan) əhatə edilib. Muxtar respublikanın bir çox şəxslərinin işləmək üçün qonşu Türkiyəyə üz tutduğu bildirilir.

Xatırlatma

Hazırda AXCP-nin 10-a qədər fəali uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Azadlıq radiosu

ÖNCEKİ HABER

Hökumətin tədbirlərindən sonra taksilər bahalaşıb, hələ bir az da bahalaşa bilər

SONRAKİ HABER

Təhsil müəssisələrinin VI siniflərində keçirilən monitorinq uğurla başa çatdırılıb