• 19 Eylül 2024 Perşembe

Xəstələnmək lazımdı

Yaxud, seçə bilməmək bəlası İlham Hüseyn Yenə də gündəmdə seçkilərdi

Yaxud, seçə bilməmək bəlası

İlham Hüseyn

Yenə də gündəmdə seçkilərdi. Seçkinin çoxdandır didərgin salındığı ölkədə, seçki söz-söhbətlərinin gündəmə gəlməsi başqa bir tragikomediyadır. Milyonlarla insan ət, meyvə, paltar almaq, bir qrup adam isə mandat almaq uğrunda mübarizə aparır. Boğazından keçirmək üçün qida axtarışında olan adamlara, seçkinin necə və niyə keçirilməsi, növbəli, yaxud növbədənkənar olması önəmli deyil. Bu ölkədə uzun müddətdir ki, millət vəkilliyi müdrükcəsinə susmağı bacarmaq peşəsidir. Milli Məclis 125 nəfərin həqiqətdən yayına bildiyi üçün müftə maaş aldığı orqandı. Məsələn, sabah Milli Məclis ləğv olunsa, heç kim ölkədə heç bir boşluq hiss etməyəcək. “Milli Məclis özünü buraxdı” başlıqlı xəbərlər ölkə insanına heç nə demir. Bu qurumun özünü saxlaması da, özünü buraxması da, özündən getməsi də, özünə gəlməsi də heç nəyi dəyişmir. Söyüdlü kəndindəki qoca nənələrə qarşı kobud münasibəti də, Kürdəxanı təcridxanasındakı gənc jurnalistlərə qarşı əsassız ittithamları da eyni soyuqqanlılıqla qarşılya bilən adamlar millətə vəkillik edir.
Normalda həmin 125 nəfər, 10 milyon insanın səsi olmalıdır. Amma buralarda çoxdandır ki, 125 nəfərə 10 milyon insanın səsi lazım deyil.
Biz cibimizdəki pulun oğurlanmasına görə necə sarsılırıqsa, qutudakı səsimizin oğurlanmasına görə də elə sarsılmalıyıq. Vətəndaşın səsinin asanlıqla oğurlana bildiyi ölkədə, cibinə gələmli olan pul da, cibinə çatmamış oğurlanır.
Biz seçkinin ölümünü elə rahatlıqla qəbul edirik ki, elə bil o heç diri olmamalıymış. Artıq neçənci dəfədir ki, SEÇKİ-ni qətlə yetirirlər və bizim gözümüzdən “yaş” çıxmır. Axı öldürülən bizim yaxınımızdır, bu itkiyə 40 gün cəhənnəm, heç olmasa 3 gün yas saxlamaq tələbatımız da yaranmır.
Əslində, hər dəfə seçkini qətlə yetirmək, həm də cəmiyyətin qürurunu qamçılamaqdı, özünəhörmət hissini başıqapazlı etməkdi. Sənə xidmət edəcək adamı seçə bilmirsənsə, ağ rəngi qara rəngdən seçə bilsən nə dəyişəcək? Qutuda səsini sağlam saxlaya bilmədikdən sonra, bazarda almanın sağlamını seçsən nə olacaq?
Müvəqqəti uğurlara, uzunmüddətli rifahı, məmnunluğu, təminatı qurban vermişik.
Biz seçkiyə təkcə siyasi hadisə kimi baxmamalıyıq, tale kimi, ömür kimi, gələcəyimiz kimi baxmalıyıq.
Bizə 5 qəpik güzəşt etməyən adamlara, SEÇKİ boyda nəhəng hadisəni güzəştə gedirik. Əslində seçkiylə soyuducumuz, seçkiylə cibimiz, seçkiylə təhsilimiz, seçkiylə arzularımız arasında bağlılıq var. Bəli, sənə ləyaqətlə xidmət edə bilən adamları seçə biləndə, nəticə etibarilə cibində halal pulun da, soyuducunda ərzaqın da, məktəbdə təhsilin də, arzuların da əlçatan olur. Çünki seçdiklərin səni yaşatmağa, sənə dəyər verməyə məhkum olur, dövlətin əsas dayağının sən olduğunu dərk edir.
Ona görə də seçmək hüququnun əlimizdən alınmasına sadə bir hadisə, kiçik bir əməliyyat kimi baxmayaq.
Tələb etmək, izahat istəmək, iradə nümayiş etdirmək, qətiyyət sərgiləmək vətəndaşın həyat tərzinə çevrilməlidir.
Ən pisi budur ki, təkcə bizdən oğurlamırlar, həm də biz özümüz özümüzdən oğurlayırıq, özümüz özümüzü oğurladırıq.
Bizim varlığımız o qədər aydın görünməlidir ki, bizi yox etmək heç kimin ağlının ucundan da keçməsin.
Neqativlərə bu qədər immunitetli olmaq təhlükəli “sağlamlıqdır”. Biz xəstələnməliyik, seçki xəstəliyi, rəqabət xəstəliyi, hüquq xəstəliyi, azadlıq xəstəliyi canımızdan çıxmamalıdır. “Bu xalq seçki xəstəsidi”, “Bu xalq ədalət dəlisidir”, “Bu cəmiyyət hüquq manyakıdı” desinlər. Hökumət görməlidir və bilməlidir ki, bu xalqın hissləriylə oynamaq olmaz. Bizi nəyin qəzəbləndirdiyi və nəyin sevindirdiyi aydın görünməlidir. “Repertuar”ı dəyişmək lazımdı, ənənəvi “tamaşa”larla səhnədə dominant olmaq mümkün deyil.
Bütün bəlalar seçə bilməməklə başlayır. Seçə bilmək üçün isə qulaqları batıracaq qədər güclü səsin olmalıdır. Və heç kimin səni eşitməmək ehtimalı qalmamalıdır.

ÖNCEKİ HABER

Bakıda silahlı insident: 3 polis və 1 mülki vətəndaş qətlə yetirildi

SONRAKİ HABER

Kəlbəcərdəki mövqelərimiz yenə atəşə tutuldu