«Tərsinə millət yetişdirmə» nə deməkdir, bilirsizmi?

Qənimət Zahid Famil Xəlilovun faciəsini bilirik

Qənimət Zahid

Famil Xəlilovun faciəsini bilirik. İflic xəstəsi olan, əlləri qurumuş, özünə baxmaq imkanı olmayan bu gənci həbs edib atıblar içəri. Bu, bir diktatorun qansızlığıdır, çünki Famil Xəlilov onun xoşuna gəlməyən sözləri danışıb- yazırdı. Bu, diktatordur, amansızdır, qəddardır, qaniçəndir, oğrudur, korrupsionerdir. Onun qoruduğu dəyər də özü- özlüyündə hakimiyyət deyil, hakimiyyət ona daha çox oğurlamaq, daha çox əzmək, daha çox imtiyazlar üçün gərəkdir. Famil Xəlilovu da həbs etməklə « baxın, mən hətta belələrinə də rəhm etmədən, güzəşt tanımadan cəzalandırıram» mesajını verir.
Amma indi həbsxanada, mərhəmətli cinayətkarların- məhbusların ümidinə qalan, serebral iflic xəstəsi olaraq o məhbəsdə, şübhəsiz, çarəsizlikdən ilan kimi qıvrılan, kamera yoldaşlarının mərhəmətindən asılı olduğuna görə fiziki əzabdan daha çox mənəvi əzab çəkən Famil Xəlilovun ailəsinin başına gətirilənlər də çox və daha çox ibrətamizdir. Onun ailəsini kirayədə qaldığı evdən çıxarırlar. Bakının Binəqədi rayonunda. Bu kirayə evin sahibi isə sıradan bir azərbaycanlıdır. Bu ev sahibinin əlində hüdudsuz səlahiyyətlər yoxdur, intəhasız imtiyazlar yoxdur. Əlində olan yeganə imkan kirayə verdiyi evdə yaşayan ailəni orda saxlamaq və ya onları ordan çıxara bilməkdir. Famil Xəlilovun, bildiyim qədər övladlarından biri də eynən özü kimi iflicdir, xəstədir. Başsızdır ailə və əlsiz- ayaqsızdır. Kirayə haqqını ödəməklərində bir problem yoxdur, bildiyim qədər, bu ailənin o mənzildən qovulması üçün kirayə haqqını verməməkləri səbəb ola bilməz. Bəs, nədir səbəb? Əlbəttə, mən şübhə etmirəm ki, yerli polis, göylü polis, inzibati orqanlar da öz sırasında Famil Xəlilovun çöldəki həyatına da əl qoyub. Amma azərbaycanlıların müqavimət imkanı da yoxdur, qalmayıb. Mən Famil Xəlilovun ailəsini dərbədər edən o azərbaycanlı ev sahibini lənətləyə də bilərəm, siz də lənətləyə bilərsiz. Amma bu, məsələnin həlli, problemə adekvat qiymətdirmi? Xəbəri oxuyan kimi lənət gəlir adamın dilinin ucuna və geri dönür.
Binəqədinin polis rəisi İlqar Məmmədov haqqında bir- iki dəfə danışmışdım. Unikal qədddarlıq və yaramazlıq nümunəsi olduğunu demişdim. Dəyərlərə tüpürən birisi olduğunu hətta polis orqanlarında da fərqləndirdiklərini demişdim. Amma məqsədim növbəti dəfə bu polismenin qansızlığına diqqət çəkmək deyil.
Azərbaycanlıların bu hala salınmasına diqqət çəkmək istəyirəm. Əlsiz- ayaqsız bir adamın başsız qalmış çarəsiz ailəsini bir də küçəyə atmaq cəzası var, bu cəzanı da azərbaycanlıların əli ilə edirlər. Azərbaycanlıları kütləvi şəkildə ləyaqət göstəricilərindən sürüb uzaqlaşdırırlar. Bəlkə, 30-40 il bundan əvvəl belə kəmfürsətliyə, belə qansızlığa qol çəkə bilən azərbaycanlıları hansısa şəhərlərdə, kəndlərdə- məhəllələrdə barmaqla saymaq olardı, el qınağı adlandırılan ictimai rəy faktoru işə düşərdi. Azərbaycanlıların yüzdə 90 faizi bu situasiyada evində saxlanan o cür ailədən heç kirayə pulu da ya almaz, ya da yubatsalar belə göz yumardı. Amma indi azərbaycanlıların yüzdə 90 faizi elə deyil. El qınağı deyilən o nəsnə də tərsinə çevrilmiş lənət kimi işləkdir. Bunun üçün dirənən adamlara qarşıdır. «Ağlı varsa- etməsin» şəklində.
Azərbaycanlıların hamısını beləcə, tədricən və ya sürətlə, əllərində olan imkanların çərçivəsində cılkkılı diktatorlara çevirə biliblər. Təmənnasızlıq deyə biləcəyiniz o keyfiyyətləri indi hansı ardıcıllıqla görə bilərsiz ki? Dürüstlük, mərdlik, qürur, ləyaqət anlayışlarını ehtiva edəcək davranışları çox tez- tezmi müşahidə edə bilirsiz, ya əksinə? Özünüzə tez- tezmi sual verirsiz ki, bu millət niyə bu kökə düşdü?
Elə bilirsiz, bu və ya başqa millətlər öz- özünə, öz kefindən ötrü bu kökə düşür? Bunu edirlər. Böyük diktator milyonlarla balaca, xırda, cıkkılı diktatorlardan ibarət bir millət yetişdirir. Çünki o, diktatorların nə qədər qəddar olsa da, o qədər qorxaq olduğunu öz təcrübəsindən bilir. Xırda diktatorlar da, onların sayı nə qədər çox olsa, o qədər əlverişlidir böyük diktator üçün. Çünki bu, kütləvi qorxu deməkdir. Cəmiyyət amansız və rəhmsiz olmalıdır. Cəmiyyət qəddar və kəmfürsət olmalıdır. Cəmiyyət qəddarlığa və zülmə qarşı çıxanları özü linç etməlidir. Cəmiyyət azadlıq üçün savaşanları özü bircə- bricə tutub boğmalı, məhv etməlidir. Xırda diktatorların yüz minlərlə, milyonlarla olduğu bir ölkədə, bütün ölkələrdə azadlıq üçün, ədalət üçün savaşanların yeri cəhənnəm kimi olmalıdır,
Famil Xəlilovun başsız, çarəsiz, əlsiz- ayaqsız, həm də sözün əsl mənasında əlsiz- ayaqsız ailəsini küçəyə atan azərbaycanlı bir deyil, milyonlarla olmalıdır. Bu, diktatora ləzzət edir. O, azadlıqlara qarşı kütləvi nifrət yarada bildiyindən məmnun olur, xoşbəxt görünür. Heç kim onun qorxusunun nə qədər dərin və titrədici olduğunu görmür, amma o hamının qorxusunu görür və bu da ona ləzzət edir. Famil Xəlilovun ailəsinin kirayədə qalan evdən küçəyə atılması faktı da belə xoşbəxtlik yaradan faktlardan biridir. Siz bu faktı bu tərəfdən də dəyərləndirə bilirsizmi?

ÖNCEKİ HABER

AXCP növbədənkənar parlament seçkilərini boykot edəcək

SONRAKİ HABER

Sevinc Vaqifqızı ev dustaqlığına buraxılmadı, məhkəmə daha iki şikayəti təmin etmədi