• 19 Eylül 2024 Perşembe

HƏMAS lideri, Hizbullah komandiri öldürülüb

ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS Fələstin ekstremist qruplaşmasının siyasi lideri İsmayıl Haniyə Tehranda İsrail hücumu nəticəsində qətlə yetirilib

ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS Fələstin ekstremist qruplaşmasının siyasi lideri İsmayıl Haniyə Tehranda İsrail hücumu nəticəsində qətlə yetirilib. Məlumatı İranın İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) iyulun 31-də səhər yayıb.

HƏMAS iyulun 31-də Telegram kanalında bu xəbəri təsdiqləyib. İsrail tərəfdən hələlik, təsdiq gəlməyib.

HƏMAS bildirib ki, Haniyə “İranın yeni prezidentinin (Məsud Pezeşkian) andiçmə mərasimində iştirak edəndən sonra Tehrandakı iqamətgahında hava zərbəsi ilə” öldürülüb.

Haniyə 2019-cu ildə Qəzza zolağını tərk edib, Qətərdə mühacirətdə yaşayırdı. HƏMAS-ın Qəzzədəki lideri isə Yəhya Sinvardır, 7 oktyabr hücumunun əsas təşkilatçısı o sayılır.

HƏMAS oktyabrın 7-də İsrailə hücum edərək 1200 nəfəri qətlə yetirəndən, 250 nəfəri girov götürəndən sonra İsrail Haniyəni və qruplaşmanın digər liderlərini öldürəcəyini deyirdi.

İran Haniyənin necə öldürüldüyünü detallı açıqlamayıb, İİKK isə hücumun araşdırıldığını bildirib.

İran dövlət televiziyasında təhlilçilər hücuma görə İsraili günahlandırmağa başlayıb.

İranın prezidenti Məsud Pezeşkian da İsmayıl Haniyənin qətlinə reaksiya verib. O, iyulun 31-də deyib ki, ölkəsi “öz ərazi bütövlüyünü, ləyaqətini, şərəfini və qürurunu müdafiə edəcək, işğalçı terrorçuları qorxaq hərəkətlərinə görə peşman edəcək”.

Pezaşkian İran mediasının yaydığı bu açıqlama ilə bağlı əlavə informasiya verilmir.

Reaksiyalar

Fələstinin WAFA dövlət xəbər agentliyinin yazdığına görə, Fələstin prezidenti Mahmud Abbas qətli pisləyib, “qorxaq hərəkət və təhlükəli hadisə” adlandırıb.

Bəzi ölkələr hücumu pisləyib, Rusiya “qəbuledilməz siyasi qətl” deyib, Türkiyə xəbərdarlıq edib ki, bu hadisə Qəzzada İsraillə HƏMAS arasında müharibəni genişləndirə bilər.

ABŞ-ın Müdafiə naziri Lloyd Ostin (Lloyd Austin) Filippində səfərdə jurnalistlərə deyib ki, “mənim verəcəyim əlavə informasiya yoxdur”.

Ağ ev hadisəyə, hələlik, reaksiya verməyib. Bu aşkar sui-qəsdin baş verdiyi dönəmdə Bayden administrasiyası HƏMAS və İsrail arasında müvəqqəti atəşkəsə, girovların azad olunması üzrə razılaşmağa nail olmağa çalışır.

İsrail illərdir İranın nüvə alimləri, atom proqramına bağlı digər şəxslərin qətlində şübhəli bilinib. 2020-ci ildə İranın aparıcı nüvə alimi Möhsün Fəxrizadə Tehran yaxınlığında avtomobilində qətlə yetirilib.

“Hizbullah” komandiri öldürülüb

İsrail isə iyulun 30-da “Hizbullah” qruplaşmasının aparıcı komandiri Fuad Şükürü “aradan götürdüyünü” bəyan edib. İsrail onun həftəsonu 12 israilli uşaq və yeniyetmənin ölümü ilə nəticələnmiş raket zərbəsinin arxasında durduğunu bildirir. Şükür Beyrutdakı mənzilində zərbə ilə qətlə yetirilib.

Birləşmiş Ştatların terrorçu təşkilat saydığı “Hizbullah” rəsmiləri hələlik, Şükürün hücumda öldürüldüyünü təsdiqləməyib.

İsrail Müdafiə Qüvvələri iyulun 30-da X sosial şəbəkəsindəki postunda iddia edib ki, Şukür Hizbullahın hücumlarını “idarə edib”.

Azadlıq radiosu

ÖNCEKİ HABER

Tarif Şurası “ Veteranlar haqqında” qanunu ləğv edib?

SONRAKİ HABER

Paris-2024: Azərbaycan idmançısı qızıl medal qazanıb