• 19 Eylül 2024 Perşembe

Tarif Şurası “ Veteranlar haqqında” qanunu ləğv edib?

ƏMDX qanunsuz ödəniş tələbini TŞ-nin qərarı ilə əsaslandırır Azərbaycan Respublikasında ən yüksək hüquq qüvvəsinə malik olan qanunun Azərbaycan Respublikasının Konstitusiyasının olması elə Ana Qanunun 147-ci maddəsində yazılıb


ƏMDX qanunsuz ödəniş tələbini TŞ-nin qərarı ilə əsaslandırır

Azərbaycan Respublikasında ən yüksək hüquq qüvvəsinə malik olan qanunun Azərbaycan Respublikasının Konstitusiyasının olması elə Ana Qanunun 147-ci maddəsində yazılıb. Konstitusiyanın 149-cu maddəsinin III hissəsinə görə, qanunların icrası və tətbiqi məcburidir. Di gəl, məcburi icra edilməli aktları tətbiq etmək dövlət qurumlarının heç yadına düşmür. Yada salanda isə elə əndrabadi cavablarla, izahatla üzləşirsən ki!
30 ildən çoxdur istifadələrində olan bağ sahəsinə qeydiyyat çıxarışı almaq istəyən Qarabağ savaşı veteranlarına İqtisadiyyat Nazirliyi, yanındakı Əmlak Məsələləri Dövlət Xidməti sənədlərlə birlikdə “ ASAN Xidmət” mərkəzlərinə müraciət etməyi məsləhət görüb. 06.06.2024-cü ildə 5 saylı “ASAN Xidmət” mərkəzində sənədlər qəbul olunub və 04.07.2024-cü ildə qeydiyyat çıxarışının hazır olacağı bildirilib. Qarabağ qaziləri “müharibə veteranı” vəsiqələrini də təqdim edib, “Veteranlar haqqında” qanunun 11-ci maddəsinə əsasən ödənişdən azad olduqlarını vurğulayıblar. İnsafən, sənədləri qəbul edən şəxs də bu “azadlığa” “hə” deyib və heç bir ödəniş tələb etməyib. Heç demə, ödəniş sənəd hazır olandan sonra tələb edilirmiş.
12.07.2024-cü ildə ƏMDX sms-lə sənədin hazır olduğunu və dövlət rüsumunun 125 manat, xidmət haqqının 118 manat təşkil etdiyini bildirib. “Veteranlar haqqında” qanunun 11-ci maddəsinin 2-ci abzası bir daha “skrin-şot” edilib ƏMDX-nın qanunsuz ödəniş tələb edən diqqətinə çatdırılıb: “MÜHARİBƏ VETERANLARININ İSTİFADƏSİNDƏ OLAN DÖVLƏT BAĞLARI VƏ BAĞÇILIQ sahələri ƏVƏZSİZ olaraq onların ŞƏXSİ MÜLKİYYƏTİNƏ verilir”. Bu diqqətə çatdırmaya cavab verməyi ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə (DƏDKR) tapşırıb. DƏDKR-in cavabı elə əndrabadi olub ki, hüquq orqanlarının işə qarışmasını qaçılmaz edir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədr müavini Elvin Məmmədovun 23.07.2024-cü il tarixində imzaladığı cavabla bildirilib ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı və nəzərdə tutulan ödəmələrlə bağlı yaranan münasibətlər (?-M.B.) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarla və DİGƏR QANUNVERİCİLİK AKTLARI (seçdirmə bzimdir- M.B.), eləcə də Tarif Şurasının 31.07.2023 tarixli 5 nömrəli qərarı ilə tənzimlənir”. Heç demə, Tarif Şurasının 31.07.2023 tarixli, 5 nömrəli qərarı ilə şəhid ailələrinin, hərbi əməliyyatlar nəticəsində ƏLİL olmuş hərbi qulluqçuların və mülki şəxslərin daşınmaz əmlaklarına hesablanmış xidmət haqqı məbləğlərinə 0.5 əmsalı tətbiq edilir. Bunu DƏDKR-in müavini Elvin Məmmədov bildirir, amma “daşınmaz əmlaka hesablanmış xidmət haqqı məbləğinin” nə demək olduğunu və haradan götürüldüyünü açıqlamır. Eləcə də DİGƏR QANUNVERİCİLİK AKTLARI ilə nəzərdə tutulan tənzimləmələrə aydınlıq gətirilmir. Axı, vurğuladığımız kimi, “Veteranlar haqqında” qanunun 11-ci maddəsi müharibə veteranlarının istifadəsində olan bağ sahələrinin ƏVƏZSİZ , yəni heç bir xidmət haqqı, rüsum ödənilmədən onların ŞƏXSİ MÜLKİYYƏTİNƏ verilməsini doğrulayır! İqtisadiyyat Nazirliyi , ƏMDX , DƏDKR bəyəm Tarif Şurasının (məsələyə aid olmayan) qərarını QANUNdan üstün tutur? Belə qanun aliliyi, hüquq üstünlüyü təmin olunar? Açıq-aşkar qanunun , konstitusiyanın rüşvətə, korrupsiyaya qurban verildiyi göz önündədir.
Əcəb hüquqdur, TARİF ŞURASI QƏRARLA QANUNU, KONSTİTUSİYANI LƏĞV EDİB! Yəqin “LƏĞVETMƏ KOMİSSİYASI” da öz sözünü deyər.
Məğrur Bədəlsoy
P.S. DƏDKR-in müavini Elvin Məmmədov 26.07.2024-cü il tarixli məktubla bildirib ki, “dedığım dedikdir” . “Veteranlar haqqında” qanunun 11-ci maddəsi ilə doğrulana müharibə veteranlarının ƏVƏZSİZ olaraq bağlarını ŞƏXSİ MÜLKİYYƏTLƏRİNƏ keçirmələrini Tarif Şurası “de-facto” qüvvədən salıb. (?) Bəs niyə bu qanun hələ “de-jure” qüvvədədir?

ÖNCEKİ HABER

DSMF-in filial direktoru Şahin Əliyevin məhkəmə toxunulmazlığı hüququ var?

SONRAKİ HABER

HƏMAS lideri, Hizbullah komandiri öldürülüb