Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə əlaqədar müvafiq quruma müraciət ünvanlanıb. Bu barədə İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Aparatı məlumat yayıb.
Qeyd edilib ki, mərkəzdə monitorinqlər Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə "Psixi sağlamlıq və insan hüquqları" sahəsində İşçi Qrupu tərəfindən aparılıb. Monitorinq, İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Konstitusiya Qanunu, "Psixiatriya yardımı haqqında", "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanunları əsasında təşkil olunmuşdur. Monitorinqin məqsədi bu müəssisədə saxlanma şəraiti və davranış məsələlərinin araşdırılması, eyni zamanda, müəssisənin fəaliyyəti ilə yaxından tanışlıqdır.
Cinayət işləri üzrə barəsində həbs qətimkan təsiri seçilməyən və polis nəzarətində olan, müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin, həmçinin cinayət işləri üzrə barəsində həbs qətimkan təsiri seçilmiş istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin həmin Mərkəzə psixiatrik ekspertizaya cəlb edilmə zamanı qanunvericiliyin tələbləri ilə müəyyən edilmiş hüquqlarının təmin olunması məsələləri öyrənilib.
İşçi qrupun hakim üzvünün də iştirak etdiyi monitorinq zamanı Mərkəzin ambulator və stasionar şöbələrinin, inzibati binasına, komissiya, konvoy və polis post otaqlarına baxış keçirilib. Monitorinq zamanı kamera tipli palatalarda saxlanılan şəxslərlə konfidensial söhbətlər aparılıb, qidalanma, gəzinti, sovqat qəbulu ilə bağlı müvafiq hüquqların təmin olunması vəziyyəti araşdırılıb.
Yekunda Ombudsman Aparatının hüquqi maarifləndirici nəşrləri Mərkəz rəhbərliyinə təqdim edilib. Ölkə qanunvericiliyində və beynəlxalq standartlarda əks olunmuş müvafiq tələblər diqqətə çatdırılıb, saxlanma şəraitinin və sənədləşmənin təkminləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Baş Direktoru Tural Rzayevdir (Xalq.az).