"Nərimanovda qanunsuz tikintilər artmaqdadır!"

Bir müddət əvvəl xəbər vermişdik ki, Bakının Nərimanov rayon ərazisində yaşayış yerlərinin qeyri-yaşayış təyinatlı istifadəsi kütləvi hal almağa başlayıb

Bir müddət əvvəl xəbər vermişdik ki, Bakının Nərimanov rayonu ərazisində yaşayış yerlərinin qeyri-yaşayış təyinatlı istifadəsi kütləvi hal almağa başlayıb. Tribunainfo.az bildirir ki, rayonun bir sıra yerlərində bu hallar daha açıq şəkildə müşahidə olunmaqdadır. Məsələn, Yusif Vəzir Çəmənzəminli küçəsində yerləşən yaşayış binasının qarşısı kəsilərək, alt mərtəbəsi obyektə çevrilib. Bundan başqa, Nərimanov rayonu, Mirzə Uluqbəy və Faiq Yusifov küçələrində də analoji durum yaşanır.

Amma məsələnin daha da ciddiliyi ondadır ki, bu qədər ictimaiyyətin diqqətinə baxmayaraq, Nərimanov rayonunda qanunsuz obyektlərin tikintisi prosesi dayanmayıb. Ötən gün daha bir qanunsuz tikinti işinin üstü açılıb. Tribunainfo.az xəbər verir ki, bu dəfə qanunsuz tikinti işlərinin aparılması Nərimanov rayonunun Təbriz küçəsində qeyd edilib. Orada iri ticarət obyekti inşa edilir.

Aydın məsələdir ki, bu prosesdən Nərimanov rayon İcra Hakimiyyəti və digər səlahiyyətli qurumların xəbəri var. Əgər xəbərləri yoxdursa, o zaman nəyə görəsə göz yumublar. Maraqlıdır ki, Nərimanovun icra başçısı Elgün Həbibullayev bu cür ciddi hadisələri görməzlikdən gəldiyi halda, balkonuna bir mismar vurulmasını daha tez görür. Deyə biləcəyimiz isə odur ki, Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, yaşayış yerlərinin qeyri-yaşayış sahəsinə çevrilməsi, belə bir təyinatlı istifadəsi və ya obyektə çevrilməsi qadağan olunub. Həbibullayev isə buna əhəmiyyət vermir, göstərişi əməl etmir və öz bildiyi kimi davranır.

Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyəti və Şəhərsalma və Arxitektura Komitəsinin də mövqeyini dərc etməyə hazırıq. Bu vəziyyət, insanların narazılıqlarını artırmaqla yanaşı, həm də şəhərin planlaşdırılmasına ciddi zərər vurur. Qanunsuz tikintilər, rayon ərazisindəki mənzillərin və eləcə də insanların həyatını təhlükəyə atmaqla yanaşı, şəhərin estetik görünüşünə də mənfi təsir göstərir.

Yəni, hər gün yeni qanunsuz tikinti işləri baş qaldırdıqca, bu hal şəhərin inkişafını gerilətməkdədir. Tikinti normalarının pozulması, keşikdə duran hüquq-mühafizə orqanlarının və dövlət qurumlarının fəaliyyətsizliyi bütün bu qanunsuzluqlara yol açmaqdadır. Ümid edirik ki, yaxın günlərdə bu halın qarşısı alınacaq və şəhərin gözəlliyi üçün zəruri olan tədbirlər görüləcək.

ÖNCEKİ HABER

"Saatli Xəstəxanasında Direktora Şikayət İddiaları"

SONRAKİ HABER

Gənc xanımın əməliyyat sonrası ölümü - suallar çoxdur!