Son bir neçə gündür, Azərbaycan Kikboksinq Federasiyası ilə Azərbaycan Muay-Tay və Tayboksinq Federasiyasının sədri Araz Musayev arasında mübahisə qızışıb. Bu mübahisənin səbəbləri artıq tərəflərin media açıqlamalarında da aydın görünməkdədir.
Araz Musayev bildirib ki, rəhbəri olduğu federasiyanı onun əlindən almaq istəyirlər. O, bununla bağlı: “Federasiyanı təhvil verməyi tələb edirlər, sonra da saxta xəbərlər yayırlar. Bunu dayandırın!” - deyərək etirazını dilə gətirib.
Kikboksinq Federasiyası isə bəyan edib ki, Muay-Tay və Tayboksinq Federasiyası 2016-cı ildən onların tərkibinə qatılıb. Bu qərara əsasən də, Azərbaycan Kikboksinq Federasiyasının razılığı olmadan ölkə ərazisində beynəlxalq muaytay idman təşkilatlarının keçirdiyi yarışlarda iştirak edən və bu yarışlarda nailiyyət əldə edən idmançıların nəticələri qeyd edilməyəcək. Kikboksinq Federasiyası öz açıqlamasında Araz Musayevin iddialarını qətiyyətlə təkzib edərək, onun iddia etdiyi nəticələrin həqiqətə uyğun olmadığını vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Kikboksinq Federasiyasına uzun illər Suraxanın icra başçısı olan Adil Əliyev rəhbərlik edib. Hazırda da Adil Əliyev Federasiyanın Fəxri Prezidentidir. Kurumun prezidentliyi isə Orxan Əliyevə aiddir və onun da Adil Əliyevin adamı olduğu bildirilir.
Bəzi məlumatlara görə, Araz Musayevin rəhbəri olduğu federasiyanı onun əlindən almaq istəyirlər. Eyni zamanda iddialar var ki, bu işin həyata keçməsini icra başçısı Adil Əliyev istəyir. Yəni, bu, onun şəxsi istəyinə uyğun olaraq irəliləyir. Lakin tərəflər arasındakı bu düşmənçiliyin nədən qaynaqlandığı hələ də məlum deyil.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.