Son dövrlərdə, Məktəbqəbul və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru E. Bağırov tərəfindən edilən açıqlamada, sertifikasiya imtahanından keçmədiyi üçün 5000-ə yaxın müəllimin işinə xitam verildiyi bildirilib. Bu məlumat o qədər adi təqdim edilib ki, sanki 5 min insan işsiz qalmayıb. E. Bağırov və nazirlik bildirir ki, əlavədə sertifikasiyadan keçmələri lazım idi. Lakin, onlara işsiz qaldığı bu müddətdə heç bir sosial təminat verilməməsi də qeyd olunmalıdır.
Sözügedən 5 min müəllim hər ay maaş alırdı. Bu, həm də 5 min ailənin gəliri deməkdir. Ancaq elm və təhsil naziri Emin Əmirullayev, təhsildə islahat adı ilə illərdir ki, heç bir iş görmədiyi halda, 5 min müəllimi işindən edib. Guya təhsildə hər şey ideal imiş, qalib bircə "saqqal daragımız". Axi təhsildə zəruri qədər inkişaf yoxdur. Məktəblərdə tədrisin keyfiyyəti aşağı səviyyədədir, 5 min müəllimin kənarlaşdırılmasının hansı müsbət nəticələr verdiyi sual altındadır.
E. Bağırovun bildirdiyi kimi, həmin müəllimlər imtahandan keçməyiblər, yəni çox zəif nəticələr göstəriblər. Amma onlardan sonra təhsilin inkişafında dəyişiklik varmı? Yox!
Bəs 5 min müəllimdən sonra nazir Əmirullayev inkişaf üçün hər hansı proqram, strategiya irəli sürübmü? O da yox!
Deməli, bu sertifikasiya imtahanı keyfiyyət dəyişikliyinə səbəb olmayıb. Yəni təhsilin bazara çevrilməsi ilbəil genişlənir. Əmirullayev əvvəlki nazirlərdən bu mənada fərqlənmədi: məktəblərdə pul yığımı, direktorların özbaşınalığı, A4 vərəqində tutmuş hər xırda ehtiyac üçün valideynlərdən pul istənilməsi hər zaman olub, bu gün də var. O zaman, məktəb şagirdlərə nə verir? Əvvəl-axir repetitor hesabına ali məktəbə daxil olacaqsa, məktəbin şagirdin həyatında təsiri yoxdur.
O baxımdan, 5 min müəllim sadəcə işsiz qalır, başqa heç nə. Üstəlik, nə kompensasiya ödənilib, nə işə təmin olunmaqda hansısa təkliflər verilib. 5 min insanı çörəksiz qoymaq düzgündürmü? Hər halda, Qərb ölkələrində belə etmirlər, onlar üçün sosial paket olur, yaxud hansısa müavinət verilir. Bizdə isə hər şey Əmirullayevsayağıdır...
Azar Talibov
Anaxeber.info