“Laser Beauty Clinic”lə bağlı qalmaqal davam edir. Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı yoxlamalar nəticəsində “Laser Beauty Clinic”in filiallarından birində (Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqasinli küçəsi) nöqsanlar aşkar edilib. Klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət daxil olub. Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün “Laser Beauty Clinic”in həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati aktı ilə dayandırılıb. Hazırda fəaliyyəti dayandırılmış filialda nöqsanların aradan qaldırılması üçün mart ayının 12-dək müddət qoyulub.
Lakin bundan sonra məlum olub ki, nazirliyin qərarına baxmayaraq, “Laser Beauty Clinic” klinikasının İsmayılbəy Qutqasinli küçəsindəki filiali fəaliyyətini davam etdirir. Filialda kosmetoloji prosedurlar həyata keçirilməsi məlumatları var. “Laser Beauty Clinic”lə bağlı qalmaqallı məsələlərdən biri də odur ki, həkimlərin sertifikasiya prosesindən keçməyən Nigar Rüfət adlı şəxsin bu klinikada həkim kimi fəaliyyət göstərməsi ilə bağlıdır.
Sertifikasiya məsələsindən öncə qeyd edək ki, Nigar Rüfətinin diplomunun saxta olması ilə bağlı iddialar var. Onun bioqrafiyasında 2007-2012-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil aldığı göstərilib. Daha sonra – 2017-2021-ci illərdə, Kiyev Dövlət Universitetinin Farmakologiya ixtisası üzrə təhsil aldığı qeyd edilib. Lakin vəziyyət tamamilə fərqlidir. Belə ki, Nigar Rüfət Kiyev Dövlət Universitetində yox, Kiyev Dövlət Texnologiya və Dizayn Universitetində təhsil alıb, bioqrafiyasında isə tamamilə başqa – daha nüfuzlu universitetin adını göstərib.
İstədiyiniz Ukrayna universitetinin diplomunu Info.edbo.gov.ua saytı vasitəsilə diplom nömrəsini daxil etməklə yoxlaya bilərsiniz. Nigar Rüfətinin diplomunun saxta olması haqqında deyilənlər kifayət qədər ciddi iddialardır və vacib bir məsələdir. Səhiyyə sisteminin etibarını qorumaq və pasientlərin təhlükəsizliyini təmin etmək üçün bu cür iddialar obyektiv şəkildə araşdırılmalı və qərarlar qəbul edilməlidir.
Nigar Rüfətinin adı tibb kadrolarının vahid məlumat reyestrində tibb işçisi kimi qeydiyyatda olmayıb və həkimlərin sertifikasiya prosesindən keçməyib. Bu, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin apardığı yoxlamalar nəticəsində məlum olub. Analitik Ekspertiza Mərkəzindən verilən açıqlamada deyilir ki, mediaya daxil olan müraciətlərdə “Laser Beauty Clinic”-də həkimlərin qanunsuz cərrahi əməliyyatlarla məşğul olması da yer alıb. Bildirilib ki, bu klinikanın həkimlərindən Nigar Rüfət həkimlərin sertifikasiya prosesindən keçməyib.
Yoxlama zamanı aşkar edilən inzibati xətalarla bağlı protokollar tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib. Müraciətdə adı qeyd edilən Nigar Rüfətinin Səhiyyə Nazirliyinin tibb kadrolarının vahid məlumat reyestrində tibb işçisi kimi qeydiyyatda olmadığı bildirilir. Bu fakt da onun Bakıda tanınan klinikalardan birində uzun müddət qanunsuz fəaliyyət göstərdiyini sübut edir.
Göründüyü kimi, Nigar Rüfət həkimlərin sertifikasiya prosesindən keçmədiyi halda, uzun müddət adicə klinikada qanunsuz olaraq çalışıb. Bunun üstü yalnız mediada barəsində yazıldıqdan sonra açılıb. Buna baxmayaraq, sonradan da klinikada fəaliyyətini davam etdirməsi ilə bağlı məlumatlar var. Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi ötən il sorğuya cavab olaraq bildirib ki, Nigar Rüfət adlı şəxslərin tibb işçilərinin sertifikasiya prosesində iştirak etmədiyi, Azərbaycan tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrində adı olmayıb. Bu fakt da onun Bakıda tanınan klinikalardan birində uzun müddət qanunsuz fəaliyyət göstərdiyini sübut edir. (Qaynarinfo)
"Nigar Rüfətin qanunsuz tibbi fəaliyyəti aşkarlandı!"
“Laser Beauty Clinic”ası ilə bağlı qalmaqal davam edir